“Pandemiya səbəbindən iki ildən artıq insanların karantin rejimində yaşaması onların istirahət üçün xarici ölkələrə getməsinə imkan vermədi. Xaricdə oxuyan tələbələrimiz, xarici ölkələrə öz problemləri, sağlamlıqları üçün getməyə məcbur olan insanlar da az deyil. Artıq bir neçə müddətdir respublikamızda pandemiya ilə bağlı qadağaların çoxu götürülüb. Qonşu ölkələrlə quru sərhədlərimiz də açılmalıdır".

Elxeber.com xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

O, bəzi ölkələrdə bu qərarın artıq verildiyini bildirib: "Yaydır, elə insanlar var, istirahətə getmək istəyir. Qohumu-əqrəbası Gürcüstünda olanlar, öz şəxsi avtomobili ilə səfər etmək istəyən ailələr var. Artıq dünyanın hər yerində bu məsələ öz həllini tapıb, Azərbaycanda da həll edilməlidir”.

O bildirib ki, məsələ təkcə vətəndaşların xarici ölkələrə getmək istəməsində deyil: “Hamı bilir ki, quru yolla qonşu ölkələrdən Azərbaycana gələn turistlər var. Bunun ölkəmizin büdcəsinə, iqtisadiyyatına təsirini də nəzərə almaq lazımdır. Quru sərhədlərin hələ də açılmamasında bir sıra səbəblər ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı yeni xəstəliklərin yayılması ilə bağlı məlumat verir. Ukraynada gedən müharibə, bunun təsirləri...

Bəlkə də təhlükəsizlik məsələləri nəzərə alınır. Hava yollarında quruya nisbətən nəzarət hardasa daha yaxşı olur. Səbəbin tam dəqiqliyi ilə bu olduğunu deyə bilmərəm. Ola bilsin, müəyyən məsələləri nəzərə alıb, quru sərhədlərini hələ açmırlar. Mən də Gürcüstana səfər etmək istəyirəm. Düşünürəm, iyulun əvvəlində artıq bu məsələ həllini tapacaq”.