Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və "Basqal Hotel"-in birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin seçim turlarına yekun vurulub.

Elxeber.com xəbər verir ki, oyunun seçim turları Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay və Qobustan şəhərlərinin gəncləri arasında təşkil edilib. Ümumilikdə 50-dən artıq komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Şamaxının 3, İsmayıllının 4, Qəbələnin 3, Göyçayın 3 və Qobustan şəhərinin 1 komandası finala vəsiqəni təmin edib.

Final mərhələsinə digər regionların komandaları da qatılacaq.
Layihənin final oyunu dekabr ayının 7-si saat 10:00-da İsmayıllı rayonunda "Basqal Hotel"-də keçiriləcək. Qaliblər kubok, medal, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri intellekt oyunları vasitəsilə gənc nəslə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu, vətənpərvərlik hisslərini geniş təbliğ etmək, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.