Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Elxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladılıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.
Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib.
Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.