Rusiyanın “Vaqner” hərbi mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin rus hərbçilərini "Vaqner"ə hücumda günahlandırıb buna qarşı cavab verməklə hədələdikdən sonra ölkənin Federal Təhlükəsizlik Xidməti “silahlı üsyan” maddəsi ilə cinayət işi qaldırıb.

Rusiyanın “Vaqner” mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin Telegram kanalında verdiyi açıqlamada rus ordusunun Vaqnerin düşərgələrinə hücum etdiyini bildirib.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Vaqneri aldatdığını və onu aradan götürmək istədiyini müdafiə edən Priqojin “Rusiya Müdafiə Nazirliyinə güzəştə getməyə, silahlarımızı təhvil verməyə və gələcəkdə ölkəmizi necə qoruyacağımızla bağlı həll yolu tapmağa hazır idik",-deyə bildirib.

Priqojin bildirib ki, qarşı tərəf onların düşərgələrinə raketlərlə hücum edib və çox sayda əsgərləri həlak olub.

"Vaqner"in buna cavab verəcəyini vurğulayan Priqojin deyib:

"Vaqner" şurası qərar verib. Ölkəmizin hərbi idarəsinin törətdiyi pis əməllərə son qoyulmalıdır. Bu gün bizim insanlarımızı öldürən, on minlərlə rus əsgərinin ölümünə səbəb olanlar cəzalandırılacaq. Hər kəsi buna qarşı çıxmamağa çağırıram. Qarşılaşdığımız hər kəsi təhdid olaraq görəcəyik və dərhal məhv edəcəyik. Yolumuzu kəsməyə çalışmayın. Başlatdığımız işi sona çatdıracağıq və sonra

yenidən cəbhəyə qayıdıb ölkəmizi qorumağa davam edəcəyik. Əsgərlərimizi öldürənləri məhv edəcəyik və ədaləti təmin edəcəyik. 25 min insanımız var və ölkədəki xaosu həll etməyə gedirik. 25 min nəfərlik taktiki və strateji gücümüz var hamını bizə qoşulmağa dəvət edirəm. Bu hərbi çevriliş deyil. Bu, ədalət əməliyyatıdır. Bizim hərəkətlərimiz orduya mane olmur. Rus əsgərlərinin çoxu bizi dəstəkləyir. Bizə dəstək mesajları göndərirlər".

Qeyd edək kki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun "Vaqner"i məhv etmək üçün əməliyyat keçirmək üçün Rostov vilayətinə gəldiyini və bunun üçün artilleriya və hava qüvvələrini istifadə etdiyini" açıqlayan Priqojin, bölgədəki müharibədə həlak olan 2000-dən çox rus əsgərinin cəsədinin tapıldığını və onların itkilərinin gizlədildiyini iddia edib.

Rusiya Müdafiə Nazirliyi hücumu təkzib edib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada "Vaqner"in düşərgələri ilə bağlı sosial mediada yayılan görüntülərin "saxta" və "təxribat" olduğu bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov da Rusiya prezidenti Vladimir Putinin hadisə ilə bağlı məlumatlandırıldığını və bununla bağlı lazımi tədbirlərin görüldüyünü bildirib.

Rusiya Milli Terrorla Mübarizə Komitəsindən verilən açıqlamada Priqojinin dediklərinin həqiqətə uyğun olmadığı vurğulanıb və "Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı üsyana çağırışla bağlı cinayət işi açıb. 

"Vaqner"in lideri Priqojinin şərhləri Rusiyada silahlı münaqişəyə başlamaq çağırışıdır", - deyə FSB-nin bəyanatında bildirilib.