Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məruzə edib.

Elxeber.com xəbər verir ki, nazir cümə günü qismən səfərbərliyə çağırılan vətəndaşların yola salınmasının başa çatdığını bildirib.

Bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul edəcəklər. Müdafiə naziri qarşıya qoyulan 300 min nəfərlik tapşırığın yerinə yetirildiyini, başqa səfərbərlik tapşırıqlarının nəzərdə tutulmadığını bildirib.

Səfərbərliyin sentyabrın 21-də elan edildiyini xatırladan Şoyqu, bu müddət ərzində 1300-dən çox müxtəlif səviyyəli icra strukturları nümayəndəsinin və 27 mindən çox iş adamının orduya çağırıldığını deyib. Onun sözlərinə görə, 13 min vətəndaş orduya könüllü qoşulub. Orduya qatılanların orta yaş həddi 35 olub.

O vurğulayıb ki, səfərbərliyə cəlb olunanların, xüsusi əməliyyat zonasına göndərilməzdən əvvəl hazırlığına xüsusi diqqət yetirilir.

Şoyqu bildirib ki, 82 min əsgər artıq cəbhəyə göndərilib. 218 min nəfər isə poliqonlarda təlimə cəlb olunub.