İyulun 8-dən etibarən azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq.

Elxeber.com bu barədə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir.
Ayinlər Zöhr azanından Şam azanına qədər davam edəcək. Şam azanından sonra zəvvarlar Müzdələfə çölünə gedəcək və ibadət edəcəklər. İyulun 8-dən 9-na keçən gecə, yəni Zilhiccə ayının 9-dan 10-na keçən gecə zəvvarlar Ərəfatdan Müzdələfəyə doğru hərəkət edirlər. Zəvvarlar orada ibadət edirlər. Səhər gün çıxan kimi Minaya doğru gedir və orada çadır şəhərciyində əşyalarını qoyurlar. Oradan əqəbəni (böyük şeytanı) daşlamağa gedirlər və əqəbədə 7 daş atırlar. Daha sonra zəvvarlar qurbangaha gedərək qurbanlarını kəsirlər. Sonra çadır şəhərciyinə geri dönən zəvvarlar saçlarını kəsdirməklə böyük Həccin ayinlərini yerinə yetirmiş olurlar, yəni artıq hacı olurlar. Zilhiccə ayının 11-12-ci günlərində zəvvarlar kiçik, orta, böyük şeytanlara 7 daş atırlar.

Ayinləri bitirdikdən və 3 gün çöldə qaldıqdan sonra Məkkədə Həcc təvafını, sonra isə Nisə və ya Vida təvafını həyata keçirməklə Həcc ayinləri bitmiş olur.
Onu da qeyd edək ki, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur. Sadəcə hər Həcc ziyarətində bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətləri ola bilər.

Məlumatda qeyd olunub ki, havanın temperaturu 40 dərəcədir ki, bu da münasib temperaturdur.

Əvvəlki illərdən fərqli olaraq hərdən havada zəif meh də olur.