Sabirabad rayonu Nəsimi kəndində un və çörək qıtlığı yaranıb. İnsanlar çətin vəziyyətə düşüb.

Kəndin bir qrup sakini tərəfindən problemlə bağlı Azad İstehlakçılar Birliyinə məktub daxil olub.

Bu barədə Elxeber.com-a AİB sədri Eyyub Hüseynov məlumat verib.

Məktubda bildirilib ki, Sabirabad rayonu ərazisində, eyni zamanda Şirvan şəhərində un qıtlığı yaranıb, çörək isə tapılmır.

Sakinlər problemlə bağlı nə edəcəklərini, kimə müraciət edəcəklərini bilmədiklərini vurğulayıblar: “Bizlər hamıdan çox işləyib az qazanan, becərdiyi məhsulları dəyər-dəyməzinə satmağa məcbur olan kənd sakinləriyik. Onsuz da bizim kəndimizdə qaz, su, internet, yol yoxdur. İndi bu “yoxların” siyahısına qidalanma üçün vacib olan un da əlavə olundu. Kəndimizdə un tapılmır. Rayon mərkəzinə, hətta Şirvan şəhərinə gedirik, yenə də yoxdur. Çörək satışında isə gecikmələr olur.

Hökumət orqanları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, qıtlıq olmayacaq.

Belə görünür ki, mövcud olan un kimlərinsə marağı çərçivəsində gizlədilir”. 

Kənd sakinləri problemdən rayon icra hakimiyyətinin məlumatlı olduğunu,  lakin heç bir tədbir görmək istəmədiklərini bildiriblər. 

“İndi bu kasıb kənd camaatı nə etməlidir? Su yoxdur ki, torpaqlarmızda taxıl əkək. Pul yoxdur ki, gedib xarici ölkədən un alaq. Bu barədə İqtisadiyyat Nazirliynin 599-76-00 telefon nömrəsinə məlumat verdik. Bizlik deyil, gedin başqa dövlət orqanlarına müraciət edin, -dedilər. İndi biz hara müraciət edək, dərdimizi kimə deyək?”,-deyə kənd sakinləri əlavə edib.

Qeyd edək ki, kənd sakinləri unun olduğunu, amma gizlədildiyini deyir və bu oyuna son verilməsini tələb edirlər.

Məsələ ilə bağlı AİB sədri Eyyub Hüseynov Elxeber.com-a bildirdi ki, kənd sakinlərindən gələn məktubu Sabirabad rayonu icra hakimiyyətinin başçısının birinici müavini Həsən Həsənova da göndərib: “H.Həsənov bu cür problemin olmadığını bildirsə də, mənə Şirvandan da un və çörək qıtlığı ilə bağlı zənglər gəlib. Məktubu Milli Məclisin bir neçə deputatına da göndərmişəm.  Deputat Rüfət Quliyev (Sabirabadın deputatı deyil)  narahatlığını bildirdi və problemin həlli üçün lazım olanı edəcəyini dedi. Digərlərindən hələ ki, bir xəbər yoxdur. Məktubu AİB-in digər rayon təşkilatlarına da göndərmişəm və rayonlarda olan vəziyyətlə bağlı mənə məlumat vermələrini istəmişəm”.

AİB sədri onu da vurğulayıb ki, çətin vəziyyətə düşən vətəndaşlar İqtisadiyyat Nazirliyinə zəng vurur, lakin onlar “bizlik deyil” cavabını verirlər. 

“Nazirliyin bu cür reaksiyası çox pis cəhətdir. Dövlət qurumlarına informasiya çatanda onlar operativ tədbir görməli, lazım olanda məlumatı digər dövlət qurumuna ötürməlidirlər. Məsələn, informasiyanı Kənd Təsərrüfatı Nazirliyinə ötürsünlər”,-deyə AİB sədri əlavə edib. 

Onun sözlərinə görə, dövlət qurumları arasında əlaqə zəifdir: “Bir neçə ildir ki, mən bu vəziyyəti müşahidə edirəm. Dövlət qurumları sanki "hər kəs özü üçün" prinsipi ilə işləyir. Qurumlar arasında əlaqələr çox zəifdir. AİB olaraq bu problemdən  narazıyıq”.