Hərbi Qənimətlər Parkından reportaj

Tarixboyu düşməni, bədxahı dostundan çox olan türk xalqları taleyini yazmaq, var olmaq məramı qarşılığında dəhşətli cənglərə, qanlı hərblərə təhrik edilib. Bəlkə də elə həyatı döyüş meydanında keçdiyindəndir ki, mətinləşib, ərənləşib, bütünləşib, adı zəfərlə qoşalaşıb. Türkün zəfər tarixi Bilgə xaqandan Şah İsmayıl Xətaiyə, Məhəmməd Cahan Pəhləvandan Atatürkə qədər zəngin, böyük bir dövrü canlandırır göz önündə. Bu tarix hər gedişində türkün əzəmət və qüdrətini qızıl səhifələrə yenidən həkk edib. Azərbaycan isə 44 günlük Vətən Müharibəsində 30 illik işğal tarixinə birdəfəlik son qoymaqla, Tanrı haqqı torpaqlarına sahib çıxmaqla XXI əsrdə türkün yeni Zəfər dastanını yazdı. Dünya təcrübəsində olduğu kimi, dövlətimiz müharibədən sonrakı dövrdə bu qəhrəmanlıq dastanını, şanlı zəfəri əbədiləşdirmək, tarixiləşdirməklə düşmən üzərində təkcə hərbi deyil, siyasi, mənəvi-psixoloji qələbəsini də bütün gerçəklikləri ilə dünyaya bəyan etdi. Azərbaycanın şanlı zəfər tarixini yaşadan bir öyünc, and yeri də var: ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin, ümumilikdə, 300-dən çox eksponatın, o cümlədən 150-dək ağır texnikanın sərgiləndiyi Hərbi Qənimətlər Parkı…

“Qarabağ Azərbaycandır!”

Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından birinin – “Qarabağ Azərbaycandır!” tarixi gerçəkliyinin nizamla sıraladığı, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhənin qarşısındayıq. Bu löhvə özü Azərbaycan həqiqətlərini dərk etmək, Azərbaycan-erməni siyasi ideologiyasını, milli mənəviyyatını müqayisə üçün yetərli faktdır. Vaxtilə – Birinci Qarabağ müharibəsindən sonra ermənilər öz dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda dünyaya nümayiş etdirib öyünürdülər. Bu nömrələr özündən müştəbeh, qaniçən bir millətin – ermənilərin etnik təmizləmə siyasətinin təzahürü – dinc əhalinin, mülki vətəndaşların minik maşınlarının nömrələri idisə, Azərbaycan döyüş meydanında cəsarətlə vuruşaraq, düşməndən intiqamını alaraq qənimət götürdüyü, ədalətsiz müharibədə düşmənin bizə qarşı istifadə etdiyi hərbi yük maşınlarının nömrələrini sərgiləyir.

İnfoqrafika vasitəsilə 44 günlük Vətən müharibəsinin gedişi haqqında xronoloji ardıcıllıqla məlumat almaq mümkündür. Ali Baş Komandanın şəxsən özünün müjdələdiyi hər bir qələbə xəbərini cəbhədə, iş başında, sükan arxasında, evdə – hər kəsin hansı çılğınlıqla, sevinc göz yaşları ilə qarşıladığını təkrar xatırlayırsan. Ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdikləri hərbi cinayətlər haqqında məlumatlar milliyyətindən, irqindən asılı olmayaraq hər bir insanda nifrət, qəzəb hissi oyadır. Bu tarixi xronologiya ilə tanış olduqca, Vətən müharibəsindən sonra dünyada baş verən siyasi-hərbi prosesləri bir daha müqayisə etməklə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu zərgər dəqiqliyi ilə bildiyinə, siyasi fəlsəfəsinin böyüklüyünə bir daha əmin olursan. Geriçəkilmələr, məğlubiyyət olmadan, yüksələn trayektoriya, minimum itki ilə ildırımsürətli möhtəşəm Qələbə! Bu müharibənin müasir dünya hərb sənətində bu gün də maraqla öyrənilməsinin, hərbi dərsliklərə salınmasının səbəbi də, heç şübhəsiz ki, budur.

Döyüş meydanında məğlubedilməzlik mifi darmadağın edilən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirmiş, dinc sakinləri qətlə yetirmişdi. Mülki obyektlərə qarşı işlədilməsi qadağan olunmuş, Şuşanı atəşə tutduqları orta mənzilli “İsgəndər M” və “Smerç” raketləri, nüvə başlığı da daşıya bilən “Toçka-U” raketləri, Ermənistanın bəşər tarixinə qara ləkə sayılacaq hərbi cinayətlərinin əyani sübutudur. Bunlar bir daha sübut edir ki, Azərbaycan alman faşizmindən də qəddar olan erməni vandalizminin qarşısını almaqla dünyada sülhün, ədalətin bərqərar olmasına xidmət etmiş, terrorizm, bəşəri cinayətlər əleyhinə mübarizə aparmaqla əsl sülhsevər siyasət yürütmüşdür. Azərbaycan bu müharibədə hərbi-siyasi strategiyası ilə kiminsə torpağına göz dikən, işğalçı bir ölkə deyil, ərazi bütövlüyünü qoruyan bir dövlət olduğunu bir daha təsdiqləmişdir.

İblisə satılmış millət və ya lənət damğası

Bu parkda ağır T-72 tankları, “Kub” zenit-raket kompleksləri, “Qvozdika” özüyeriyən artilleriya qurğuları, avtomatik zenit topları, “Şilka” özüyeriyən zenit qurğuları, “Şturm-S”, “Kornet-EM” və “İqla-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, müxtəlif kateqoriyalı zenit, “Qiansit-B”, haubitsa topları və minaatanlar, “Qrad” yaylım atəşi kompleksləri, hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, yüksək keçid qabiliyyətinə malik hərbi avtomobillər, minalar və digər silahlar sərgilənir. Bu silahlara baxdıqca düşünürəm ki, bir vaxt Bakıya gəlmək iddiasında olan, dünən qan ocağı kimi ölüm saçan, bu günsə Zəfər paradındakı lənət keçidindən “əriyərək”, “sürünə-sürünə” özünü Hərbi Qənimətlər Parkına “ölü salan” bu texnikalar burada nə qədər də rəzilləşmiş, aciz, miskin, cılız görsənir. Milli şüurun gözü ilə baxdıqda onların üzərində 3 min şəhidimin qan izləri aydın görünür. Bir vaxt bu parkda “çarmıxa çəkilmiş”, Bakı küləyinin boş qab kimi danqıldatdığı düşmənin başsız dəbilqələrini xatırlayıram. Sahibsiz qalan, sahibini itirmiş yox, məhz başsız dəbilqələri. On min fərarisi olan, döyüş bayrağına, əsgər dəbilqəsinə belə sahib çıxa bilməyən başsız millətin “hərbi qüdrəti” beləcə, gələcək nəsillərə də sərgilənməlidir. Bu yaxınlarda erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində həqiqəti belə etiraf etmişdi: “… artıq bizim ordumuz, ləyaqətimiz, özünümüdafiə instinktimiz yoxdur və bizi heç nə birləşdirmir”. İblisə satılmış bir millətin, ziyalısı, siyasətçiləri türk (azərbaycanlı) uşağının üzərində insanlığa sığmayan eksperiment aparmaqla ruhunu dirçəldən (?!) zori balayanlar, Fransada Qarabağ iddiası ilə çıxış edən aqanbekyanlar, Şuşada əyyaşlıq edib yallı gedən paşinyanlar olan bir millətin aqibəti başqa cür ola da bilməzdi. İblisin iblis xislətli bir millətin məğlubiyyətinə acı qəhqəhəsi guruldayır qulaqlarımda: “Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, daim ayaq altında sönüb məhv olacaqsın”.

Lənət damğasından dəmir də olsa, sanki göz qarşısındaca əriyən bu texnikaları seyr edərkən azca aralıda yaşından tez yaşlandığı hiss olunan, bənizi vaxtından tez solmuş nənə ilə əl-ələ yapışıb parkı seyr edən 5-6 yaşlı balaca oğlan uşağının məhv edilmiş zirehli texnikaya işarə ilə: “Nənə, bunları mənim atam vurub? Ona görə atama qəhrəman deyirlər?” – səsini eşitdik. Nənə balacanın çiynini qucaqlayıb: “Hə, mənim balam, atan vurub. Bir də, bax, o gördüyün “Dəmir yumruq!” Uşaq nənəsinə və onun göstərdiyi stendə baxa-baxa, bir neçə addım geriyə çəkilərək sağ yumruğunu düyünləyib şəstlə yuxarı qaldırdı, “Nənə, bax!”, – deyə səsləndi. Bir körpənin ürəyi boyda olan bu bapbalaca yumruqda bir dünya güc, qətiyyət var idi…

“Bütün keçilməzliyi, Vətən, adınla keçdim”...

Parkın ərazisindəki qarşı tərəfdə 10 elementdən ibarət mühəndis maneələr sistemini sərgiləyən möhkəmləndirilmiş müdafiə mövqeyinə yaxınlaşırıq. Tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, piyada əleyhinə mina sahəsi və sair… Bunlar özü sübut edir ki, düşmən, əslində, onilliklərboyu dünyaya sırıdığı ağ yalana özü belə inanmayıb, tarixi həqiqətin gec-tez qalib gələcəyindən, bu torpaqların əsl sahiblərinin tarixi ədaləti bərpa edəcəyindən qorxub. Belə olmasa idi, inkişaf, rifah naminə xərclənə biləcək milyonlar hesabına arxasında qorunmaq, gizlənmək üçün istehkam yaratmazdı. Lakin düşmən bir həqiqəti unudurdu ki, əsl Vətən sevgisi heç bir sədd, sərhəd tanımır. Azərbaycan xalqı “Dəmir yumruğ”a dönüb bu tarixi qələbəni hərb meydanında qazanmaq üçün ən ağır sınaqlardan, maneələrdən keçib: siyasi anarxiya və xaosdan, vətəndaş qarşıdurmasından, beynəlxalq antiazərbaycan təzyiqlərindən, xarici havadarlarının inqilab havası ilə oynayan daxili seperatçıları ram edərək dövlət-xalq-ordu birliyinə nail olmaqdan, beynəlxalq arenada siyasi, iqtisadi, hərbi özünütəsdiqdən, informasiya müharibəsindən… Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz”, “nəhəng” istehkamları şanlı Azərbaycan əsgəri qısa müddətdə darmadağın edib, böyük vətənpərvər şair Məmməd Arazın təbirincə desək, bütün keçilməzliyi Vətən adı ilə keçib.

 Döyüş şöhrətli Naxçıvanım…

Parkda bu maneələrdən sonra düşmən səngərlərinin maketi ilə qarşılaşırıq. Beton dirəklər, maşın şinləri ilə möhkəmləndirilmiş torpaqda qazılan istehkamları gəzərkən insan özünü biranlıq düşmən səngərində hiss edir. Bu gün düşmənin namərdcəsinə, acizliklə qoyub qaçdığı bu sahibsiz səngərlərdən bir naxçıvanlı kimi diyarımın da vaxtilə mərmi, güllə yağışına az tutulmadığını xatırlayıram. Ötən əsrin 90-cı illərinin əvvəllərində düşmənin əsas iştah dişinin – Naxçıvanı işğal etmək arzusunun alınmaz qalam, ərlik-ərənlik rəmzim Sədərəkdə necə qırıldığını xatırlayıram. Mənfur düşmən ümummilli lider Heydər Əliyevi bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırmağa nail olmaqla Qarabağ münaqişəsini alovlandırdığı kimi, Naxçıvanı da muxtariyyət statusunun ləğv edilməsi yolu ilə işğal etməyə can atırdı. Elim-yurdum yarıac, yarıtox olsa da, düşmənin törətdiyi zülmətə məhkum edilsə də, ovaxtkı hakimiyyətdən nə qədər üzüdönüklük görsə də, sarsılmadı, sınmadı, əyilmədi, düşməni irəli buraxmadı. Yerli əhali haqq yolunda məşəl olacaq ulu öndər Heydər Əliyevin ətrafında birləşdi, Naxçıvanın digər bölgələrindən insanlar Sədərəyi müdafiə üçün axın-axın gəldi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqil ordu quruculuğunun təməli qoyuldu, görkəmli dövlət xadimi Naxçıvanın muxtar diyar kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq müqavilələr kontekstində dünyaya isbatladı. Şərəfli mübarizə tariximiz olan elə o illərdə düyünlənməyə başlamışdı “Dəmir yumruğ”umuz! Prezident cənab İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı zamanı tarixi çıxışında o illəri belə xatırlayıb: “Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına”. O illərdən söhbət açarkən məzmun və ideya etibarilə Hərbi Qənimətlər Parkının sələfi sayıla biləcək Naxçıvan şəhərindəki Döyüş Şöhrəti Muzeyindən də danışmaq yerinə düşər.

Gənclərin milli-mənəvi tərbiyəsinə, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət göstərilən diyarımızda bu işdə muzeylərin təqdimat və təbliğat funksiyalarından geniş istifadə olunur. 2018-ci ildə – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə daha bir muzey – Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Açıq Səma Altındakı Muzeydə ötən əsrin sonlarında blokadaya salınmış muxtar respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, erməni qəsbkarlarına qarşı müdafiə zamanı istifadə olunmuş onlarla hərbi texnika və qurğular sərgilənir. Gənc pilotların hazırlanmasında istifadə olunan 2 təlim təyyarəsi, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən döyüş-nəqliyyat vertolyotu və digərləri. Ölkəmizdə artıq muzeylərdə sərgilənən, eksponatlaşan bu texnikalarla bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunan, düşmənin Vətən müharibəsi zamanı istifadə etdiyi hərbi silah-sursatı müqayisə etdikdə milli ordumuzun silahlanma baxımından da necə bir tarixi inkişaf yolu keçdiyini bir daha aydın görərik. Ən əsası isə orduda yaranan qətiyyət və iradənin, ruh yüksəkliyinin nəticəsi idi ki, Aprel döyüşləri və Günnüt zəfəri ilə daha böyük qələbəyə, möhtəşəm zəfərə zəmin yarandı. Muxtar respublikada aparılan uğurlu gənclər siyasətinin, hərbi-vətənpərvərlik ruhunda tərbiyənin düzgün təşkilinin nəticəsi idi ki, ölkə başçısının da vurğuladığı kimi, naxçıvanlılar Vətən müharibəsində qeyri-adi qəhrəmanlıq, mərdlik və şücaət göstərdi. Bu, döyüş şöhrətindən şanlı qələbəyə doğru uzanan, möhtəşəm qələbə ilə tamamlanan zəfər yolu idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da dediyi kimi: “Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi”.

Türkün yeni zəfər dastanı

Düşmənin hərbi qənimət kimi əldə etdiyimiz silah-sursatlarından tutmuş boş mərmi gilizlərindən hazırlanmış işıq dirəklərinə, mərmi yeşiklərindən düzəldilmiş skamyalara, tank mərmisinin barıtatıcılarının futlyarından hazırlanmış zibil qablarına qədər xalqının şərəf və qürur tarixindən bəhs edən Hərbi Qənimətlər Parkı… Bu park bir xalqın qalibiyyət təntənəsi, onun qəhrəmanlıq şərəfinə yaradılan memorialıdır, rəşadətli, qalib ordusuna təşəkkür borcudur, şəhidlərimizə ehtiram abidəsidir! Şəhid tabutunu vüqarla, yenilmədən çiynində son mənzilə yola salan, övladının son yadigarı – üçrəngli bayrağı öpüb-qoxlayıb gözlərinə qoyan şəhid doğmalarına ən böyük təsəllidir. Onların yanan ürəklərinə səpilən bir ovuc sərin sudur. Qazilərimizin döyüşdə itirdikləri, yeri sızlayan əzalarının əvəzində hiss etdikləri güc, qüvvədir. Erməni vandalizminə, bundan sonra bəşər əleyhinə yönələcək cinayətlərə ən böyük ibrət dərsidir, görkdür Hərbi Qənimətlər Parkı. “Dəmir yumruğ”un Laçın şəhərində, Zabux və Sus kəndlərində və digər yurd yerlərimizdə şimşəktək çaxacaq nöbəti “Qisas”ı nəticəsində yeni eksponatlarla zənginləşəcək bu park! Xalqımın şərəf, ləyaqət, qəhrəmanlıq tarixi, türkün yeni zəfər dastanıdır Hərbi Qənimətlər Parkı. Çünki Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün Türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

13-22 avqust Naxçıvan-Bakı-Naxçıvan