Vilayət Bayramov Gədəbəy rayonunun dağətəyi kəndlərindən olan Şəkərbəydəndir. Gədəbəyin ən böyük kəndlərindən olan Şəkərbəydə 2009-cu ilin siyahıyaalınmasına əsasən, 1000 nəfərə yaxın əhali yaşayır. 

Amma 62 yaşlı kənd sakini Vilayət Bayramovla söhbətdən sonra belə başa düşdük ki, qeyd olunan rəqəm yalnız rəsmi statistikadır. Hazırda kənddə əhalinin sayı barmaqla sayılacaq qədər azdır. Bəs buna səbəb nədir?

Səbəbi kənd sakini ilə söhbətdən sonra aydınlaşdı. Abşeron rayonu Xırdalan şəhərindəki bazarda tərəvəz (kartof-soğan) satmaqla güzəranını keçirən Vilayət kişi deyir ki, qış aylarında kəndlərinə bir metrə yaxın qar yağır. Üstəlik belə bir havada evləri qızdırmaq üçün nə qaz var, nə də odun: “Kəndin sakinləri qış aylarında soyuqdan donur. Yenə odun olsa, yandırıb evləri qızdırmaq olar. Amma o da yoxdur. Əhalini meşələrə buraxmırlar. Bəzi daha uzaq ərazilərdən odun tapıb gətirmək üçün isə icazə tələb olunur ki, həmin icazəni almaq  heç də asan deyil. Belə ki, o qədər süründürməçilik və get-gəllər olur ki, nəticə heç o xərcə və əziyyətə dəymir.  Amma gəl gör ki, hanısısa məmur, özünə lazım olanda istədiyi qədər meşələrdən odun qırdırıb apara bilir”

Vilayət kişinin sözlərinə görə, güzəran ağır olduğundan sakinlər məcbur qalıb evlərini tərk edir və çoxu heç yay aylarında da evlərinə qayıtmır: “Mən özüm xəstə adamam. 62 yaşım var hər gün səhər saat 09:00-dan axşam gec saatlara qədər soyuq havada bazarda kartof-soğan satıram. Həyat yoldaşım da yaşlı insandı. O qarda-boranda rayonda qalıb nə edəcək? Məcbur qalıb 150 manata kirayə ev tutmuşam, elə buradaca yaşayırıq. Ay ərzində qazandığım qəpik-quruşla çox çətinliklə dolanırıq”.

Həmsöhbətimiz onu da deyir ki, dadı ilə məşhur olan Gədəbəy kartofunu becərmək də artıq təsərrüfatçıya fayda gətirmir: “Mən yayda kənddə kartof əkirəm. Su yox, gübrə yox, amma çətinliklə də olsa əkirəm. İndi kartofun ən bahalısını 1 manat 20 qəpikdən satıram. Bu karofu becərmək mənə 90 qəpiyə başa gəlir. 30 qəpik qazanc qalır ki, bu da o qədər əziyyət və xərcə görə çox azdır. Mənim ayağım xəstədir. Damarlarımda tromb var. Həkimlər deyir ki, ayaq üstə çox qalmaq, soyuğa vermək olmaz. Amma nə edim? Təqaüdə çıxmaq istədim, dedilər ki, sən sağlamsan işləyə bilərsən. Pensiya yaşıma hələ neçə il var. Gün ərzində 2-3 cür dərman qəbul edirəm. Bunun kirayəsi, dolanışığı, yeməyi-içməyi var. Mən də məcbur səhərdən-axşama kimi burada dayanıb alver edirəm. Son vaxtlar alıcılar da azalıb. Qış ayları başlayandan vəziyyət daha da pisləşib. Bu gördüyünüz yer üçün ayda  300 manat kirayə haqqı verirəm. Özünüz də şahidi oldunuz ki, günorta yemək üçün 60-70 qəpiklik qutab aldım. Bərəkətinə şükür, nemətdir, amma yaşlı və xəstə insanam, soyuq qış aylarında insan isti yemək arzulayır. 

Mən tək deyiləm, mənim kimi torpağını min-bir əziyyətlə əkib-becərən, amma əvəzində dolana bilməyən həmkəndlilərim az deyil. Bu vəziyyətdə kəndli öz torpağını hansı həvəs və niyyətlə əkib-becərsin? Dadı-tamı fərqli olan yerli məhsulu necə ortaya çıxarsın?”.

Qeyd edək ki, bazarda öz əkib-becərdiyi məhsulu gətirib satan çox azdır. Əksəriyyəti alverçilərdir. Balaca bir yer üçün alınan 300 manatın qarşılığında satıcılar üçün heç bir şərait yoxdur. Az da olsa isinmək, nahar etmək üçün bir yer, qapalı bir məkan yaradılmayıb. Əksəriyyəti yaşlı insanlardan olan satıcılar bir neçə qış geyimini üst-üstə geyinib, soyuq və nəmişlik yerdə saatlarla dayanmalı olur. 

Müəllif:ELXEBER.COM