1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən bu gün BMT-nin himayəsi altında keçirilir.

Şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik, eyni zamanda, yayılma miqyasına görə də aktuallığını qoruyur. Əgər 1980-ci ildə şəkərli diabetdən 108 milyon nəfər əziyyət çəkirdisə, hazırda həmin rəqəm 537 milyona çatıb. Yəni, hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.

Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdisə, indi miqdarın 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir. Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi oturaq həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Ötən ilin statistikasına görə, ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 320,9 mindən çoxdur.

Sahə üzrə mütəxəssislər bildirir ki, qadınlarda piylənmə nisbəti yüzdə 40-ı keçdiyindən 2-ci tip şəkərli diabet onlarda daha çox rast gəlinir. Şəkərli diabet xəstələri gündə ən azı bir saat, həftədə ən azı üç gün sürətli şəkildə gəzməli, dərmanlarını düzgün istifadə etməli və həkim müayinələrinin vaxtını keçirməməlidirlər.

Diabetli fərdlərdə qrip, sətəlcəm riskinin sağlam insanlara nisbətən daha yüksək olduğuna diqqət çəkən həkimlər bu xəstəlikdən əziyyət çəkənlərin qripə qarşı peyvənd olunmasının vacib olduğunu deyir.

Çünki qeyd olunan xəstəliklər diabetli insanlarda şəkərə nəzarəti pozur. Şəkərə nəzarət pozulduqda isə pnevmoniyaya nəzarət etmək və müalicə etmək çətinləşir. Bu isə bütün bədəni təsir edən ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər.