Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə tərəfdaşlığı və Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev İli” çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi təşkil olunub.

Milli Şuradan Elxeber.com-a verilən məlumata görə, 100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi düşərgənin məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanması olub.

Proqrama uyğun olaraq ilk gün Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra iştirakçıların şəbəkələşməsi və təmsil etdikləri təşkilatların tanıdılması üçün komanda oyunları keçirilib.

İkinci gün ARGTMŞ-nin sədri Azər Əliyevin salamla nitqi ilə düşərgə öz işinə başlayıb. İlk vörkşop Milli Şuranın sədr müavini Ülviyyə Axundova və təlimçi Tofiq Sadıxovun moderatorluğu ilə “Strategiya nədir? Strategiya planı necə qurulur?” mövzusunda olub. Sessiyanın davamı olaraq ARGTMŞ-nin İdarə Heyətinin üzvü Nail Şükürovun moderatorluğu ilə qrup işi keçirilib, iştirakçılar komandalara bölünərək hazırladıqları strategiya planlarının təqdimatını ediblər.

Növbəti gün enercayzeri ilə başlayıb, Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun iştirakı ilə keçirilən görüşlə davam edib. Görüş zamanı gənclər təşkilatları üçün uğurlu strategiya, strategiya planının əhəmiyyəti kimi mövzular müzakirə olunub və ünvanlanan suallar cavablandırılıb. Həmçinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclər siyasətinin təməlinin qoyulması, gənclərə göstərilən xüsusi dövlət qayğısı kimi məsələlər də geniş müzakirə olunub. Günün ikinci yarısı qrup işləri, müzakirə sessiyası və komanda quruculuğu oyunları ilə davam edib.

Günün sonunda gənclər təşkilatlarının sərgisi keçirilib.

Layihənin dördüncü gününə iştirakçıların fiziki sağlamlıqlarının artırılması məqsədilə səhər idmanı və enercayzerlə başlanılıb.

Daha sonra ARGTMŞ-nin İdarə Heyətinin üzvü Azad Mənaflının moderatorluğu ilə “Heydər Əliyev İli”nə həsr olunmuş intellektual oyun keçirilib.

Qalib komandalar kubok və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Günün ikinci yarısı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevlə görüş keçirilib.

Görüş düşərgənin formatına uyğun olaraq gənclər təşkilatlarının strateji planlaşdırılması istiqamətində müzakirələr və ünvanlanan sualların cavablandırılması ilə yekunlaşıb.

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film də nümayiş etdirilib.

Qeyd edək ki, düşərgənin beşinci günündə ARGTMŞ-nin sədri Azər Əliyev və Baş katibi Ramin Həbibzadənin iştirakı ilə ümumi müzakirə sessiyası keçirilib. Həmçinin Şəki Xan Sarayına infotur baş tutub.

Günün sonunda Qala gecəsi keçirilib və bununla da düşərgə işini yekunlaşdırıb.