Səma qapılarının açıldığı Qədr Gecəsi bu gün-Ramazan ayının 26-dan 27-nə keçən gecə gerçəkləşəcək.

"Qurani-Kərim"də bu gecə haqqında Qədr surəsində belə bildirilir:

"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir. Qədr gecəsi min aydan daha xeyirlidir. Mələklər və Ruh (Cəbrail) o gecədə, Rəbbinin izni ilə aşağı enər. O gecə səhərə qədər əmin-amanlıqdır."

İlahiyyat mütəxəssisləri bildirir ki, hər bir müsəlman Qədr Gecəsində həyatını yenidən nəzərdən keçirməli, son bir ilinin hesabatını verməli və özü ilə üzləşməlidir.

Özümüzlə üzləşərkən ölçümüz "Qurani-Kərim" olmalıdır.

Qədr gecəsinin ibadətlə keçirilməsi tövsiyə edilir. Belə ki,  bu gecədən Rəbbimizin insanlığı nicata doğru yönəltmək üçün Peyğəmbərimizə və onun vasitəsilə bütün bəşəriyyətə nazil etdiyi "Quranı-Kərim"ə uyğun yaşamaq, həyatımızı ona görə qurmaq mesajı doğur.