Dövlət Gömrük Komitəsi şəxsi istifadə məqsədilə ölkəmizə gətirilən dərmanlar üçün normanın müəyyən edilməsi istiqamətində iş aparır. Bununla bağlı Dövlət Gömrük Komitəsi Səhiyyə Nazirliyi ilə birgə çalışır. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək.

Elxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

O bildirib ki, Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var. Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur.