Hazrki dünyanın ən böyük çətinliklərindən biri də ekoloji problemlərin qaçılmaz olmasıdır. Bu poblemlərin fonunda ətraf mühitə və insan sağlamlığına zərər gəlir ki, bu da bəşəriyyətin gələcəyini və sağlamlığını düşünən alimləri ciddi narahat edir. Atmosferdə karbon qazının artması, ozon təbəqəsinə dəyən zərər, bərabərində gələn iqlim dəyişkilikləri dünyanın ekosistemində tarazlığı pozur. Hazırda ciddi təhlükə yaradan problemlərdən bir də radiasiya səviyyəsinin artması, şüalanma təhlükəsi kimi məsələlərdir. Həkim-mütəxəssislər də açıqlayır ki, bir sıra xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin yaranmasında bu amilin böyük rolu var. Bu baxımdan, radiasiya səviyyəsinin yüksəlməsinə səbəb olan antropogen faktorların nəzarətinə ciddi ehtiyac yaranır. Amma elə problemlər var ki, ona nəzarət bir tək ölkənin imkanlarına sığmır. Belə problemlərdən biri Azərbaycan üçün də ciddi təhlükə hesab olunan Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti ilə bağlıdır. Ermənistanda fəaliyyət göstərən bu stansiya ətraf ölkələr üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Elxeber.com-a danışıb.
O bildirib ki, antropogen mənşəli radiasiya mənbələrinin ətraf mühitə atılması həmişə müəyyən radiasiya riski yaradır. Onun sözlərinə görə, ölkəmiz üçün Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı risklər potensial təhlükədir.
Metsamorun yaranma tarixi haqqında xatırlatma
Müsahibimiz AES-in yaradılma tarixi ilə bağlı məlumat verib.
-Ermənistandakı Metsamor AES seysmik zonada yerləşir. Təhlükəli obyekt iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilib. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanıb. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı.
1995-ci ilin noyabr ayında ikinci blok işə salınıb. Stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilmiş və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılmışdır. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnib.
İ.Mustafayev bildirib ki, Ermənistan AES-in istismarı zamanı yaranan tullantıların miqdarı və tərkibi haqqında ictimaiyyətə heç bir məlumat vermir: “Erməni mənbələrinin verdiyi məlumata görə, stansiyanın ərazisində Amerika texnologiyasına uyğun xüsusi tullantıxana tikilib və işlənmiş tullantılar daşınaraq həmin tullantıxanadakı konteynerlərdə saxlanılır. Bu tullantıların saxlanma müddəti 50 ildir. Həmin tullantılar seysmik aktiv zonada hansı şəraitdə saxlanılır və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər və radioloji monitorinqlər həyata keçirilir, məlum deyil. Bundan əlavə, 13 il istismar olunub və 1989-cu ildən dayandırılmış stansiyanın birinci blokunun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin təmin olunması haqqında da heç bir məlumat yoxdur”.
Professorun sözlərinə görə, Amerika alimlərinin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunub ki, AES-in istismar zamanı hətta 46 kilometr radiusda daimi yaşayan əhali, əsasən uşaqlar və gənclər onkoloji xəstəliklərə daha çox məruz qalırlar: “Aydındır ki, Ermənistan AES-in istismarı müddətində 46 km radiusun 30 km-lik hissəsində yaşayan Türkiyə Respublikasının əhalisi də daimi olaraq radioaktiv təsirə məruz qalır.
Yaponiyada baş verən güclü zəlzələ və sunaminin yaratdığı dağıntı nəticəsində Tokio şəhərinin yaxınlığındakı "Fukusima-1" AES-də baş verən nasazlıqların yaranması və radiasiyanın ətrafa yayılması atom reaktorlarının istismar müddətlərinin bitməsinə görə baş verib. Belə ki, istismar olunan 6 reaktordan birincisinin istismar müddəti 2001-ci ildə, sonuncusunun istismar müddəti 2009-cu ildə bitib. Reaktorun aktiv zonasında uran -235 izatopunun parçalanması nəticəsində yaranan zəncirvari reaksiya qrafit çubuqları vasitəsilə idarə olunur. Baş vermiş qəzadan sonra AES-i idarə edən mühəndis-texniki işçilər stansiyanı tərk etdiklərindən və sunami nəticəsində reaktorların soyutma sistemləri sıradan çıxdığından, yüksək temperaturdan qrafit çubuqlar əriməyə başlayıb, reaktorun idarə olunmasında çətinliklər yaranıb, suyun səviyyəsi, reaktorun daxili təzyiqi aşağı düşərək partlayışa səbəb olub və ətraf mühitə müxtəlif radioaktiv tullantılar atılıb, ərazidə radiasiyanın səviyyəsi artmışdı”.
İ.Mustafayev bildirib ki, 1986-cı il aprel ayının 26-da Çernobıl AES-in dördüncü blokunda baş vermiş qəza - XX əsrin ən böyük və dəhşətli nüvə radiasiya qəzasıdır. Belə ki, bu qəza nəticəsində müxtəlif dövlətlərə mənsub olan, 5 milyon nəfər insanın yaşadığı 130000 kvadratkilometr ərazi radioaktiv çirklənməyə məruz qalıb: “Qəzanın vurduğu fəsadların aradan qaldırılmasında keçmiş sovet respublikalarından 500 min nəfər müxtəlif sahənin mütəxəssisləri və işçiləri (Azərbaycan Respublikasından 7 min nəfərdən çox) iştirak edib. Qəzanın fəsadları haqqında yalnız 70 ildən sonra dəqiq məlumat verilə bilər”.
Professorun sözlərinə görə, sadalanan hadisələrin bir daha təkrar olunmayacağına heç kim təminat verə bilməz. Buna görə də, dünya birliyi Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz ola bilər.