“Azərbaycanın hər yerində məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.

Elxeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr bir sıra məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər: “Gördüyünüz kimi, qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün dindarlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”.

 Allahşükür Paşazadə bildirib ki, imam Hüseyn islamın bütövlüyü uğrunda şəhid olub, amma bu gün bəzi məzhəb sahibləri imam Hüseynin adından istifadə etməklə islamda ayrı-seçkilik yaratmağa çalışırlar: "Əlbəttə, bütün bunlar imam Hüseynin gördüyü işlərə uyğun deyil. Əgər insanlar imam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalı, daim pak əməllərin sahibi olmalı, yaxşılıqlar etməlidirlər".

“Özünə zəncir vurmaq, qan çıxarmaq doğru deyil. İmam Hüseyn məktəbi irfan məktəbidir. Onun adını hər yerə, hər divara yazmaqla deyil, qəlbimizdə yaşatmalıyıq. Biz hətta Sovet dövründə onun adını yaşatmışıq, bundan sonra da yaşadacağıq", -deyə sədr vurğulayıb.

O bildirib ki, guya Azərbaycanda “dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar” fikrini bütün dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir: "Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və imam Hüseyn də layiqincə yad edilir".