Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxıb.

Elxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur. Bu, Şimali Koreyanın cari həftə ərzində 2-ci raket buraxılışıdır. Sentyabrın 25-də yenə Şərq dənizi istiqamətində buraxılmış yaxınmənzilli raket 60 kilometr hündürlükdə 600 kilometr məsafə qət edərək dənizə düşüb.

Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib. Sonuncu raket buraxılışları isə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin dənizdə növbəti hərbi təlimləri dövrünə təsadüf edir. Son 5 ilin ilk birgə dəniz təlimlərinə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, 20 hərbi gəmi, o cümlədən ABŞ-ın nüvə başlıqlı raketlərə malik “Ronald Reyqan” təyyarədaşıyan gəmisi və “USS Annapolis” sualtı qayığı, müxtəlif növ hərbi təyyarə və helikopterlər cəlb olunub.