Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Yəhudi dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

Elxeber.com xəbər verir ki, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva multikultural Azərbaycan cəmiyyətində Yəhudi dininin müqəddəs kitabı “Tanaxın”ın dilimizə tərcüməsinə böyük ehtiyac olduğunu bildirib. Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqovun 2019-cu ildə Azərbaycanda ilk dəfə olaraq “Tanax”ın birinci hissəsi olan “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladan G.Baxşəliyeva hazırda təqdim edilən “Peyğəmbərlər” kitabının “Tanax”ın ikinci hissəsi olduğunu qeyd edib. T.Sadıqovun bu tərcümələrinin işıq üzü görməsinin həm də Azərbaycan şərqşünaslıq elmində Hebraistika sahəsinin başlanmasının bir göstəricisi olduğunu vurğulayıb.

G.Baxşəliyeva bildirib ki, akademik səviyyədə yerinə yetirilmiş bu tərcümələrdən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.

“Peyğəmbərlər” kitabının da dünyanın bir neçə dillərinə tərcümə edildiyini, lakin Azərbaycan dilində ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin indiyədək olmadığını vurğulayan G.Baxşəliyeva müqəddəs kitabın özündə cəmləşdirdiyi kitabların əsasən tarixin xronoloji bir dövrünü əhatə etdiyini, kitabın iki bölməyə bölündüyünü, birinci bölmənin əsasən tarixi xüsusiyyət daşıdığını, ikinci bölmənin isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarət olduğunu qeyd edib.

Təqdimat mərasimində çıxış edən Teymur Sadıqov “Tanax”ın tərcümə etdiyi birinci hissəsi “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib. T.Sadıqov “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlədiyini və ilin sonuna kimi bitirməyi planlaşdırdığını söyləyib.

Sonra “Tövrat” və “Peyğəmbərlər” kitablarının tərcümələri tədbirdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə təqdim edilib.