“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynadan 8,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 390-dan çox gəmi Ukrayna limanlarını tərk edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, “Taxıl dəhlizi” vasitəsilə oktyabrın 23-də ərzaq məhsulları ilə yüklənmiş daha 13 gəmi Odessa limanlarını tərk edib.

Gəmilərin göyərtəsində ümumilikdə 224,3 min ton kənd təsərrüfatı məhsulu olduğu və onların Asiya, Avropa ölkələrinə yola salındığı qeyd olunub.

Qeyd edək ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.