Dünyanın ən gənc əhalisinə sahib olan Afrika qitəsi, həm də ən savadsız əhaliyə sahibdir.

Bu qitədə təhsiləçıxış problemini yaradan ən mühüm amillərin başında iqtisadiyyat və təhlükəsizlik məsələləri durur.

Dünyanın ən gənc əhalisinin yaşadığı Afrika ölkələrində iqtisadi problemlər və münaqişələr səbəbindən uşaq və gənclərə yetərli təhsil verilə bilmir.

Anadolu Agentliyinin "Afrikada təhsil problemləri" adlı araşdırmasından bəzi məqamları təqdim edirik.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Böyük Səhra (Afrika) dünyanın inkişaf etməkdə olan 6 regionu arasında təhsildən ən çox məhrum olan regiondur. 

Belə ki, ibtidai məktəb yaşlı hər beş uşaqdan birinin məktəbə gedə bilmədiyi qitədə 15-17 yaşlı gənclərin 60 faizi təhsil ala bilmir.

1,2 milyarddan çox əhalisi olan Afrikada əhalinin 677 milyonu 3-24 yaş arasında, 800 milyonu isə 25 yaşdan aşağıdır.

Hesablamalara görə, əsrin ortalarına qədər Afrika dünyadakı uşaq və gənc əhalinin 40 faizinə sahib olacaq.

Afrika hökumətləri hal-hazırda ümumi milli məhsullarının orta hesabla 4,1 faizini təhsilə xərcləsələr də, bu nisbət dünya üzrə orta hesabla 4,3 faizdən aşağı olaraq qalır.

Əksər dövlət məktəblərinin hər il təhsil haqqı və s. kimi xərcləri valideynlərdən tələb etməsi bir çox yoxsul ailələrin uşaqlarını məktəbə göndərə bilməməsinin əsas səbəbidir.

Valideynlərin təxminən yarısı məktəb ödənişlərinin onlar üçün problem yaratdığını bildirsə də, ailələrin 29 faizinin yaşadığı ən böyük maddi çətinlik məktəb xərcləridir.

Kifayət qədər məktəblərin olmaması səbəbindən Afrika ölkələrinin yarısında hər ibtidai sinif müəlliminə 35-dən çox şagird düşür.

Təhsilə çıxışın qarşısındakı digər ən böyük maneə daxili münaqişələr və zorakılıq hadisələridir.

İstər terror, istərsə də münaqişələr evlərini tərk etmək məcburiyyətində qalan uşaqların təhsildən uzaqlaşmasına səbəb olur. Sudan, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Nigeriya və Burkina Faso kimi ölkələr bunlar arasındadır.

Təkcə son 4 ildə Mərkəzi və Qərbi Afrikada zorakılıqlara görə 13200-dən çox məktəb bağlanıb.