"Sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək".

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O bildirib ki, Azərbaycan iqlimi üçün isti və günəşli günlərin çox olması səciyyəvidir: "Bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil”.

Xidmət rəisi vurğulayıb ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir: "Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80 faiz arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas parametrlərdən biridir. 30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilik ötürmə sürətinə təsir etməklə insanların əhvalında mənfi reaksiya yaradır.