ABŞ Senatı federal hökumət telefonlarında və elektron cihazlarda “TikTok” tətbiqini qadağan edən qanun layihəsini təsdiqləyib.

Elxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Bildirilib ki, respublikaçı senator Coşem Houli tərəfindən təqdim edilən qanun layihəsi Senatın bütün üzvləri tərəfindən dəstəklənib.

"TikTok” Çin Kommunist Partiyasının Troya atıdır. O, Birləşmiş Ştatlar üçün təhlükə mənbəyidir”, - nəşr Coşem Houlinin bəyanatından bu fikri sitat gətirib.

Qanun layihəsi bundan sonra Nümayəndələr Palatasınin səsverməsinə çıxarılmalı və ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.

Artıq Birləşmiş Ştatların 13 ştatı Çinin “ByteDance” kompaniyasına məxsus “TikTok” sosial şəbəkəsinə qarşı tədbirlər görüb. ABŞ hakimiyyətinin fikrincə, “TikTok” Çin hökuməti tərəfindən istifadəçilər barədə məlumatlar toplamaq üçün istifadə edilə bilər.