Türkiyədə hicabın konstitusiya təminatına yönələn təklif bu həftə Milli Məclisə təqdim olunacaq.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan təklifin təfərrüatlarını Ədalət və İnkişaf Partiyasının (AKP)  qrup toplantısında açıqlayacaq.

Partiya sözçüsü Ömər Çelik Xalq İttifaqı ilə işlərin aparıldığını bildirib: "Ədliyyə naziri Bəkir Bozdağ MHP-dən işi aparan Fəthi Yıldız bəylə görüşəcək".

Bildirilib ki, ki, təklif AKP tərəfindən imzaya açıldıqdan sonra müxalifətin dəstəyi üçün danışıqlara başlanacaq.

Qeyd edək ki, adı keçən təklif Konstitusiyanın 24 və 41-ci maddələrinə dəyişiklikləri nəzərdə tutur.
24-cü maddədə “başı açıq və ya örtüldüyünə görə heç bir qadına dövlət xidmətlərindən, əsas hüquq və azadlıqlardan yararlanması qadağan edilə bilməz”  əlavəsi nəzərdə tutulur. Beləliklə, “Baş örtüyünün əsas hüquq kimi istifadəsi” təmin ediləcək.

Bundan başqa, konstitusiyada ailənin tərifi dəyişəcək və “nikah kişi və qadın arasında qurulur” ifadəsi yer alacaq ki, bu da ailə institutuna xələl gətirəcək cəhdlərin qarşısının alınması məqsədini daşıyır.