Türkiyədə istifadəsinə təcili razılıq verilən koronavirus (Covid-19) əleyhinə yerli TURKOVAC peyvəndinin şəhər xəstəxanalarında kütləvi istifadəsinə başlanılıb.

Anadolu Agentliyinin yaydığı məlumata görə, Ankara Şəhər Xəstəxanasında səhər saatlarından başlayaraq vətəndaşlara TURKOVAC vaksini vurulur.

Xəstəxananın baş həkimi İhsan Ateş yerli peyvənd vurdurmaq istəyənlərin sayının çox olduğunu və əvvəlcədən növbəyə yazıldıqlarını bildirib. O qeyd edib ki, dünən xəstəxanada səhiyyə naziri Fahrettin Koca da yerli peyvənd vurdurub.  

Peyvənd vurdurmağa gələn vətəndaşlar üçüncü doza üçün yerli peyvəndi gözlədiklərini, milli məhsula çox güvəndiklərini vurğulayıblar. 

Məlumatda qeyd olunub ki, ölkənin Ankara ilə yanaşı, İstanbul, Balıkesir, Adana, Yozqat, Bursa və Əskişehir şəhərlərində də TURKOVAC-ın kütləvi şəkildə istifadəsi aparılır.