İsveçin NATO-ya üzvlük protokolu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Bununla bağlı Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin sosial media hesabında bildirilib: "İsveçin NATO-ya üzvlük protokolu 23 oktyabr 2023-cü ildə cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərildi".

İsveçin baş naziri Ulf Kristersson prezident R.T.Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu imzalamasından məmnunluğunu ifadə edib. O, sosial media hesabından verdiyi açıqlamada bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq: "Parlament prosedurları artıq başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik".

NATO-nun baş katibi Yens Stoltenberq də Ərdoğanın İsveçin üzvlük protokolunu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini məmnunluqla qarşılayıb: "Mən ratifikasiya ilə bağlı sürətli səsvermənin keçirilməsini və İsveçin NATO-nun tam müttəfiqi kimi tezliklə qəbul edilməsini səbirsizliklə gözləyirəm".