Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab etdiklərini və bu addımı rədd etdiklərini açıqlayıb.

Bu barədə Anadolu Agentliyi yazıb.

"Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab etdiyimizi və bunu rədd etdiyimizi bildirirəm. Beynəlxalq hüquqa zidd hesab etdiyimiz bu addım regionun sülh, əmin-amanlıq və sabitliyinə vurulan ağır zərbədir. Biz dost ölkələr kimi gördüyümüz və yaxın siyasi, iqtisadi və sosial əlaqələrimiz olan Rusiya ilə Ukraynanın qarşıdurmasına ürəkdən təəssüflənirik”,-deyə Türkiyə dövlətinin başçısı bildirib.

Ərdoğan Türkiyənin Ukraynanın ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsini dəstəklədiyini və telefonla danışdığı Ukrayna prezidenti Volodimir Zelenskiyə bunu bir daha ifadə etdiyini bildirib.

Türkiyə vətəndaşları və bölgədə yaşayan tatarlar başda olmaqla Ukraynada yaşayan hər kəsin həyat təhlükəsizliyinin təmin edilməsi üçün üzərlərinə düşəni edəcəklərini ifadə edən Ərdoğan: “Rusiya ilə Ukrayna arasında mövcud olan problemlərin Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həlli çağırışımızı təkrar edirik.  Dünən cənab Putinlə danışaraq bunları ona da ifadə etdim",-deyə qeyd edib.