Türkiyə Statistika Təşkilatı bu ilin yanvar-may aylarında Türkiyədə ən çox  hansı xarici ölkənin vətəndaşlarının ev aldığını açıqlayıb. 

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, rusiyalılar xaricilər arasında mənzil alışına görə liderliklərini saxlayıblar.

Belə ki, ölkədə yanvar-may aylarında ən çox ev satılan vilayətlər Antalya, İstanbul, Mersin, Ankara, Bursa və Yalovadır.

Sözügedən zaman aralığında ən çox rusiyalılar mənzil alıb. Rusiya Federasiyası vətəndaşlarına satılan yaşayış evlərinin sayı 44,4 % artaraq 5723-ə çatıb.

Ukrayna vətəndaşları 770 mənzilə sərmayə qoyub. Ötən il 6-cı yerdə olan ukraynalılar bu il ilk 5 ayda 4-cü pilləyə yüksəliblər.

Yanvar-may aylarında 2324 İran, 809 İraq, 605 Qazaxıstan, 564 Almaniya, 373 Küveyt, 364 Çin, 336 Azərbaycan, 297 ABŞ vətəndaşı Türkiyədə ev alıb.

Əvvəlki illərdə vətəndaşları Türkiyədən mənzil alan ölkələrin siyahısında hər zaman ilk 4-lükdə olan Səudiyyə Ərəbistanı iki ölkə arasındakı münasibətlərdəki gərginliyə görə 2020-ci ildə 17-ci yerə düşmüşdü və 2021-ci ildə isə siyahıya daxil edilməmişdi. Ölkələr arasında yaxınlaşmadan sonra 2022-ci ildə Səudiyyə Ərəbistanı yenidən siyahıya daxil olub və vətəndaşlarının ilk 5 ayda Türkiyədən aldıqları evlərin sayı 79,4 faiz artaraq 296-ya yüksəlib və 11-ci sıraya gəliblər.