Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verib.
Qeyd edilir ki, yanğın güclü küləklə daha da şiddətlənib.
Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması alovu daha da gücləndirib.
Daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib, prokurorluq isə araşdırmaya başlanıldığını açıqlayıb.
Bildirilib ki, alov bir sıra yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb. Ehtiyat tədbiri olaraq ərazisindəki 20 evdən ümumilikdə 68 nəfər, 29 iri və xırdabuynuzlu mal-qara və digər ev heyvanları, 5 nəqliyyat vasitəsi təxliyə edilib.
Təxminən 250 hektar sahədə davam edən meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə təsərrüfatı işçisi olmaqla, ümumilikdə 1 480 canlı qüvvə iştirak edir. Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğının qarşısını almağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə əlavə qruplar göndərilib.
Rəcəb Tayyib Ərdoğan helikopterlə yanğın bölgəsinə baxış keçirib.
Elxeber