Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezidentliyə namizədlər Kamal Kılıçdaroğlu və Sinan Oğan ölkədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı səsvermədə iştirak ediblər.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbul şəhərindəki Saffet Çebi orta məktəbinə gələrək səslərini veriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan səsvermə prosesinin həm zəlzələ bölgəsində, həm də ölkə daxilində problemsiz davam etdiyini deyib. “Axşam səslər sayıldıqdan sonra Rəbbimdən ölkəmiz, millətimiz və türk demokratiyası üçün daha yaxşı gələcək üçün dua etməyi arzu edirəm”,-deyə Ərdoğan vurğulayıb.

Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan səsverməni Ankara şəhərində həyata keçirib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.  Ölkə ərazisində 191 mindən çox seçki qutusu qoyulub.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.