"Hər kəsin günəşə qarşı həssaslığı fərqlidir və eyni dərəcədə təsirlənmir. Xüsusilə də uşaqlar və yaşlılar, açıq dəri-göz-saç rənginə sahib insanlar günəşə qarşı hər zaman daha həssas olurlar. Bu qrupdan olanlar əsmər dərili olanlardan daha çox təsirlənir və onları günəşdən daha çox qorumaq lazımdır".

Elxeber.com Türkiyənin Sağlamlıq Elmləri Universiteti Hamidiye Tibb Fakültəsinin professoru İlkin Zindancının mövzu ilə bağlı "TRT Haber" ə verdiyi aşıqlamanı təqdim edir. 

Zindancıya görə, günəşin mənfi təsirlərinin güclü olduğu vaxtlarda qorunmaq vacibdir:"Günəşin təsirli olduğu vaxtlarda günəşdən qorunmaq çox vacibdir. Bu, 11:00 ilə 15:00 arasıdır ki, bu saatlar günəş şüalarının düz bucaq altında düşdüyü vaxtdır. Bu saatlarda günəşdən qaçmaq lazımdır”.

Professorun diqqət çəkdiyi bir başqa məqam isə günəşli yerlərdə bədəni açıqda qoymamaqdır: "Bədənimizi örtən paltarlar geyinə bilərik. İlk növbədə günəşə qarşı həssas olanlar buna əməl etməlidir. Paltarlar çox qalın olmayan, işığı əks etdirəcək tərzdə açıq rəngli, gen və uzun qollu ola bilər. Papaqlar, eynəklər, bu günlərdə istifadə olnan maskalar da günəşdən qoruyur.

Digər qorunma üsulu dermatoloqların hər zaman məsləhət gördüyü qoruyucu kremlərdən istifadədir.

Qoruyucu vasitələr fiziki və kimyəvi olmaqla iki qrupa bölünür. Birinci qrupa daxil olanlar tərkibində kimyəvi maddələr az olan, daha cox bariyer məqsədi daşıyanlardır. Xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün istifadə etməyə üstünlük verilir. Digər məhsullara isə kimyəvi tərkibli olanlar daxildir ki,  bunlar da bir çox sınaqlardan keçmiş, zərərsiz maddələrdən əldə edilir".

Mütəxəssis bildirib ki, SPF (günəşdən qoruyan faktor) 30 faktor və ya daha çox olmalıdır. Onun sözlərinə görə, brendin əhəmiyyəti yoxdur: "Sınaqdan keçmiş, tanınmış və təsdiqlənmiş markalardan istifadə olunmalıdır. Sızanağa meylli dərilər üçün çox yağlı olmayan məhsullar, quru dərilər üçün isə nəmləndirici tərkibli məhsullar seçilməlidir. Həmçinin məhsulun saxlama müddəti də önəmlidir. Açılmamış, saxlama müddəti iki ildən üç ilə qədər olan məhsullara üstünlük verilməlidir. Açılmış məhsullar daha bir il istifadə edilə bilər. Müvafiq şəraitdə saxlanılırsa, rəngi, qoxusu, axıcılığı və konsistensiyası dəyişməyibsə, bu günəş qoruyucularından istifadə etmək olar".

Yay aylarında tez-tez istifadə olunan məhsullardan biri də bronzlaşdırıcılardır. Həkim bildirib ki, bunun üçün məhsullardan istifadə dermatoloqlar tərəfindən tövsiyə edilmir: “Biz onsuz da günəşin zərərli təsirlərindən qaçmağa çalışırıq. Mümkünsə qaralmaqdan çəkinin. "O zaman D vitaminini necə əldə edək?" deyirlər. Günəşdən qoruyucu kremlər onsuz da 100% qoruma təmin etmir. Günəş kremindən istifadəyə baxmayaraq, məruz qaldığımız günəş bir miqdar D vitamini sintezinə imkan verir. Gündə 10-15 dəqiqə günəş altında qalmaqla bunu qolun iç üzü kimi günəşi nadir görən yerlərdən də əldə edə bilərik.

Xüsusilə bəzi hissələrimizi günəşin təsirindən daha çox qorumalıyıq. Kişilərdə üz, sinə, qulaqcıq, əlin arxası və saçın töküldüyü nahiyələr kimi... Çünki bu nahiyələr həm də dəri xərçənginin ən çox rast gəlindiyi yerlərdir".

Günəş yanığı təhlükəsi

Professor qeyd edib ki, günəş yanığı təcili tibbi yardım gərəktirən bir vəziyyətdir. Onun sözlərinə görə, normaldan bir qədər yuxarı günəş bəzi proseslərə səbəb olur: "Günəş yanığı olan zaman əvvəlcə həmin sahəni sərinlətmək lazımdır. Suda saxlamaq, üzərinə nəm bir vasitə çəkmək olar. Diş pastası, şampun kimi məhsullar sürtmək olmaz, varsa ağrıkəsici qəbul edilə bilər. Bundan başqa sadə yara kremlərindən istifadə etmək olar. Amma heç bir təsiri yoxdursa, tibbi müalicə tövsiyə edirik”.

"İnsanların əziyyət çəkdiyi başqa bir problem günəş ləkələridir. Lakin günəş ləkələri fərqli şəkildə inkişaf edir. Əvvəla, günəş yanığı dərhal inkişaf edərkən, ləkələr uzun müddət günəşdən qorunmayan insanlarda əmələ gəlir. Bu ləkələr günəşin uzun illər ərzində yığılan təsiri ilə bağlıdır. Ləkələr günəşin dərini zədələməsinin əlamətləridir", -deyə İlkin Zindancı vurğulayıb.

Həkim bildirib ki, ləkələrin əmələ gəlməsi bir az da dəri tipi ilə bağlıdır: "Hər kəsdə günəş ləkələri olmur. Siqaret və hormonların da ləkələrə təsiri var. Ləkələrin meydana gəldiyi yerlər xroniki dəri zədələnməsi və xərçəng riskinin ən çox olduğu yerlərdir".