Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa - Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Elxeber.com-a verilən məlumata görə, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.
TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.
Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi vurğulayıblar.