Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi"nin müddəti bu gün bitir.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov sənədin vaxtının uzadılmadığını da açıqlayıb.

O bildirib ki, Rusiya “Taxıl sazişi” ilə bağlı sövdələşməyə razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra qayıdacaq.

Qeyd edək ki, "Taxıl sazişi" bir il ərzində beş gün istisna olmaqla fəaliyyət göstərib.

Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb, sonra isə müddəti üç dəfə uzadılıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Digər hissəsi Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxışını nəzərdə tutur. Rusiya tərəfi iddia edir ki, paketin həmin hissəsi indiyədək yerinə yetirilməyib.

Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq böhranı riskini aradan qaldırmaq üçün yaradılan taxıl dəhlizi vasitəsilə 33 milyon tona yaxın taxıl daşınıb.

İlk gəmi 2022-ci ilin avqustun 1-də Ukraynadan yola düşüb. Həmin gündən etibarən 1000-dən çox gəmi ilə daşınan taxılın 40 faizi  Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya və 5 faizi Yaxın Şərqə çatdırılıb.

Sazişdə iştirak edən tərəflərin (Rusiya, Ukrayna, Türkiyə, BMT) məsələ ilə bağlı mövqeləri bir-birindən fərqlidir. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın bu mexanizm üzrə bütün öhdəliklər yerinə yetirilənədək taxıl sazişində iştirakını dayandıra biləcəyi barədə xəbərdarlıq edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sazişin müddətinin uzadılması ilə bağlı nikbin fikirdədir. O hesab edir ki, bu məsələdə rusiyalı həmkarı ilə ortaq məxrəcə gələ biləcək. Verilən açıqlamalara əsasən, sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Ankaranın və Moskvanın fikirləri üst-üstə düşür. Üstəlik, Türkiyə hakimiyyət orqanları Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükünə necə başlamaq barədə fikirlər irəli sürüblər.

Taxıl müqaviləsinin başa çatmasına az qalmış İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi (BKM) ehtiyacı olan ölkələrin saziş çərçivəsində lazımi miqdarda ərzaqla təmin edilməməsi ilə bağlı iddiaları təsdiqləyib. BKM-nin məlumatına görə isə, taxıl dəhlizi ilə üç qitənin 45 ölkəsinə taxıl və digər ərzaq məhsulları ixrac edilib. Onun 46 faizi Asiyaya, 40 faizi Qərbi Avropaya, yalnız 12 faizi Afrikaya çatdırılıb. İyulun 11-də BMT-nin baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin Rusiya hissəsinin həyata keçirilməsinə dair təkliflərdən ibarət məktub göndərib. Lakin məktubun təfərrüatları açıqlanmır. BMT-də xatırladıblar ki, sazişin fəaliyyət müddəti iştirakçıların hamısının razılığı olacağı təqdirdə uzadılacaq.