AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin XVI-XIX əsrlərə aid silah kolleksiyasında 300-dən artıq müxtəlif çeşidli, funksional təyinatlı müdafiə, soyuq və odlu silah nümunələri qorunur.

Elxeber.com AMEA-ya istinadən xəbər verir ki, bunların arasında qədim və zəngin ənənələrə malik yerli silahsazların emalatxanalarında istehsal olunan silahlar böyük əksəriyyəti təşkil edir. Həmin dövrdə ustalar hazırladığı silahı və onun hissələrini növündən asılı olaraq, adətən kəsmə, basma, cızma üsulları ilə, basma qızıldan və cilalamadan istifadə etməklə bəzəyirdi, dəstək və qəbzələrə, qınlara, tüfənglərin qundaqlarına nəbati ornament və həndəsi naxışlar qarasavatla, qızıl işləmələrlə nəqş olunurdu. Silahın üstündə onun məzmununa uyğun yazılar, eləcə də sahibinin yaxud ustanın adları, bəzən də istehsal tarixi nəfis xətlə, dekorativ motivlərlə həkk edilirdi.

Muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan çoxsaylı nadir silah növləri arasında bir üzündə “Əs-Sultan” və digər üzündə “Şah İsmayıl” sözləri yazılmış təbərzin də mühafizə olunur. Birtərəfli olan bu təbərzinin kəsər hissəsi aypara formasındadır. Kəsər hissənin mərkəzində cızma üsulu ilə çəkilmiş nəbati ornamentlər fonunda yuxarıdakı sözlər yazılıb. Uzunluğu 71 sm olan bu təbərzinin dəstəyi içi boş dəmirdir. Aşağı və yuxarı tərəfləri spiralvari naxışlarla bəzədilib.