Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Kompüter Mərkəzində Vəkillər Kollegiyasının DİM ilə birgə Vəkillər Kollegiyasına və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54-ü, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14-ü uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər sənəd qəbulu komissiyasına dekabrın 1-dən 29-dək müvafiq sənədləri təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

Kollegiyaya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin və müvafiq sənədlərin siyahısı təşkilatın saytında https://barassociation.az/news/1196 yerləşdirilib.