“Sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər yaşayır. Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdır”.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
“Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, aradan qaldırılmalıdır. Əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Orada olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - Xələf Xələfov qeyd edib.
“Biz Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiya prosesinə başlamağa hazırıq. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması və digər əlaqələrin bərpa olunması prosesi gedə bilər”, - Xələf Xələfov vurğulayıb.
Nazir müavini xatırladıb ki, regionda sabitliyin möhkəmləndirilməsi üçün “3+3” formatı işə düşüb: “Biz bu prosesin də davamlı olmasının tərəfdarıyıq. Bu istiqamətdə də öz dəstəyimizi veririk və bundan sonra da verəcəyik. Təbii ki, bütün bunlar Ermənistanın siyasi iradəsindən asılıdır. Ermənistan siyasi iradə göstərsə, biz münaqişə tarixinin səhifəsini bağlamağa, eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində sülh müqaviləsinin bağlanmasına hazırıq.
Çünki dünyada və regionumuzda gedən proseslər göstərir ki, sülh şəraitində yaşamağın alternativi yoxdur. Düşünürəm ki, erməni xalqı da bunu istəyir. Lakin erməni siyasi dairələrinin bunu nə qədər istəməsini gələcək göstərər. Ermənistan bu istiqamətdə müvafiq prinsipial addımlar atmağa hazır olmalıdır. Sözdə bəyanatlar vermək, keçmişi yenidən qabartmaq, qonşulara münasibətdə iddialar irəli sürmək sülhə xidmət etmir”.