Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən“Qarabağ” adlı həftəsonu Azərbaycan məktəblərinin sayı altıya çatdırılıb.

Elxeber.com Diasporla İş üzrə Dövlət Komitəsinə (DİDK) istinadən xəbər verir ki, artıq dünyanın 6 şəhərindəki “Qarabağ məktəbi”ndə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Bunlar Kanadanın Ottava, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm, Böyük Britaniyanın London şəhərləridir.

Şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi, rəsm və piano dərsləri keçirilir. Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanıb.

Bundan başqa, xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinə Təhsil Nazirliyinin qrifi DİDK-nin maliyyə dəstəyi ilə çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. 

Komitənin rəsmi internet saytında qeydiyyatdan keçməklə kitabın elektron formatını əldə etmək imkanı da yaradılıb.