“Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Konsulluq 24 saatlıq iş rejimi ilə fəaliyyətini davam etdirir".
Elxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov deyib.
Konsul bildirib ki, bir neçə gündür Xarkovda müvəqqəti yerləşən vətəndaşlar tərəfindən evakuasiya ilə bağlı müraciətlər daxil olub: "Biz bu müraciətləri araşdıraraq vilayət rəhbərliyindən onların müxtəlif şəhərlərə pulsuz biletlərlə getməsini xahiş etmişdik. Buna da nail olduq. Bir neçə gün ərzində 650-dən çox həmyerlimizi Lvov istiqamətində qatarla yola salmışıq. Xarkovda hələ də çoxlu Azərbaycan vətəndaşı qalmaqdadır. Biz onlara tövsiyə edirik ki, qaldıqları yeri tərk etməsinlər, müharibə şəraitinu nəzərə alaraq zirzəmilərdən mütləq şəkildə istifadə etsinlər, küçələrə çıxmasınlar. Vəziyyət yumşalan kimi biz onlara öz yardımımızı göstərəcəyik, onların da Azərbaycana getməsi üçün lazımi addımları atmağ çalışacağıq”.
O, Xarkovda qalan azərbaycanlıları konsulluğa müraciət etməyə və qeydiyyatdan keçməyə çağırıb. Qeyd edib ki, bu addım lazım olanda onlarla əlaqə saxlaya bilmək üçün vacibdir: "Qida məhsullarına, tibbi yardıma ehtiyacı olan vətəndaşlarımız var. Bu gün küçəyə çıxmaq çox qorxuludur. Müharibə şəraitindəyik, onlara yardım göstərə bilmirik, bizi başa düşsünlər. Vəziyyət yumşalan kimi biz onlara kömək etməyə çalışacağıq".