Avropa və ABŞ-da uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, indiyə qədər 11 ölkədə virusa yoluxma halı aşkarlanıb.

Bununla bağlı Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən respublika ərazisində epidimioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

"Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.
Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq",-deyə məlumatda qeyd olunub.