Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki, Kumamoto və Kaqoşima prefekturalarının 2.5 milyon sakininə “Nanamadol” tufanına görə evlərini tərk edərək təxliyə mərkəzlərinə yerləşmək barədə xəbərdarlıq olunub.

Xarici medianın yazdığına görə, Miyazaki və Kaqoşima prefekturalarında 58 min evə elektrik enerjisinin verilişi dayandırılıb. Kaqoşima prefekturasında güclü küləyin təsirindən yıxılan iki kişi başından xəsarət alıb. Bir neçə binanın damlarının çökdüyü, şüşələrin sındığı və bəzi yerlərdə ağacların yıxıldığı bildirilir.

Tufana görə 520 daxili aviareys təxirə salınıb, Kumamoto, Fukuoka və Kaqoşima şəhərləri arasında sürətli “Shinkansen” qatarlarının hərəkəti dayandırılıb. Sentyabrın 19-da da Fukuoka və Hiroşima, həmçinin Naqoya və Osaka şəhərləri arasında bu qatarların hərəkət etməyəcəyi bildirilir.

Hazırda tufanın Kyuşü adasından cənubda yerləşdiyi və onun mərkəzində küləyin sürətinin saniyədə 50 metrə çatdığı qeyd edilir. Onun şimal istiqamətində saatda 20 kilometr sürətlə hərəkət etdiyi də bildirilir. Tufanın günorta saatlarında Kyüşu adasına çatacağı gözlənilir. Nəticədə güclü yağışlar yağdığı, dalğaların hündürlüyünün 14 metrə çatdığı qeyd edilir.