Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb.

Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Bəzi əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlı olduğu məlum olub.

Xatırladaq ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.

Qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.

İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabr 14-30-də isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.