Bakı şəhərində oktyabrın 2-dən təşkil olunan arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası dünən başa çatdı.

Əməkdaşlarımız yarmarkanın son günündə iştirak edib, arıçıların və alıcıların təəssüratını öyrənib.

Son iki gündə izdiham

Metronun “Gənclik” stansiyasının yaxınlığında təşkil olunan yarmarkanın ilk günlərindən fərqli olaraq son gün alıcıların çoxluğundan izdiham yaranmışdı. Gətirdikləri balın çox hissəsini son iki gündə satmağa nail olduqlarını deyən arıçılar bu vəziyyətdən məmnun görünürdü. 

 İşləri çox olsa da, fürsətdən istifadə edib onlardan bəziləri ilə satışlarla yanaşı, maraqlı peşələri ilə bağlı məqamlardan da danışdıq. 

İlk yaxınlaşdığımız arıçılar əslən Qubadlı rayonunun İşıqlı kəndindən olan Əsədovlar ailəsi idi.  Dədə-babadan arıçılıqla məşğul olan ailənin baçşısı Rövşən bəy həyat yoldaşı Natəvan xanımla birlikdə məhsullarını təqdim edirdi. 

Natəvan xanım bildirdi ki,  doğma yurdlarından qaçqın düşsələr də, arıçılıqla məşğul olmağı davam etdiriblər: “Qaçqın kimi Ağsu rayonu Gursulu kəndində məskunlaşdıq. Yoldaşım uşaqlıdan arıçılığın sirrlərini öyrənib. Mən də onunla birlikdə öyrəndim. Arı saxlamaq maraqlı olduğu qədər, həm də çətin işlərdəndir. Arıların yaxşı bal toplaması üçün onları səfalı yerlərdə gəzdirməlisən. Biz arıları İsmayıllı rayonunun dağlarında oradan-oraya çox gəzdiririk”.

Arıçı Əsədovlar ailəsi

Bu il arıçılıq məhsullarının az olmasına gəlincə, müsahibimiz deyir ki, bu hal əsasən yağışla əlaqədar olub: “Yağışın çox olması məhsuldarlığa təsir edir. Biz arıları gəzdirdiyimiz üçün məhsulu yaxşı götürə bildik. Yoldaşım bu sahəni yaxşı bilir və müxtəlif əraziləri gəzir. Arı harada yaxşı bal yığırsa, həmin məkanlarda saxlayırıq. Məhsul götürmək üçün zəhmət çəkmək lazımdır. Çadırlar qururuq, arının yanında qalırıq.

200-ə yaxın arı yeşiyindən ildə 1 ton, 1,5 yarım bal götürə bilirik. Allahın verməyinə baxır. Hazırda  balın satış qiyməti 30-35 manatdan başlayır. Amma yarmarkada alıcılar üçün daha sərfəli qiymətə təklif edirik”. 

Natəvan xanım deyir ki, haram götürməyən arıların çox möcüzəli hərəkətləri var: “Yüz yeşik arının içinə kənardan bir başqa arı gətirib qoyanda həmin arı yaşamır, ölür. Arı halallığı çox sevən, zəhmətkeş canlıdır.  Bir tək ana arı 60 min arı ailəsini idarə edir. Ana arı olmayanda arılar işləmir. Sanki yetim qalırlar”.

Arıçılıq peşəsini çox sevən və mənimsəyən  ailə indi daha sevinclidir. Doğma yurda qayıdıb arılarını Qubadlının  gül-çiçəyi ilə bəsləyəcəkləri günün çox da uzada olmadığını deyirlər. 

Yeri gəlmişkən,  yarmarkada işağldan azad olunan ərazilərimizdən gətirilən bal məhsulları da satılırdı. Məsələn, yarmarkada alıcılar Kəlbəcərin Başlıbel kəndində və Zəngilan rayonlarında yetişdirilən bal məhsullarına xüsusi diqqət göstərirdi. Balı dadan alıcı İlahə xanım möhtəşəm olduğunu bildirdi. 

“Arı min-bir dərmanıdır”  boşuna deyilmiş fikir deyil. Artıq 37 ildir peşəkar arıçılıqla məşğul olan Hikmət Əliyev,  həm də apiterapiya ilə məşğul olur. Yarmarkaya çıxardığı müalicəvi məhsullarına marağı görüb yaxınlaşırıq. Hikmət bəyin qızı Bəsirət Əlizadə deyir ki, o, atasından arı məhsullarından xəstəliklərin müalicəsində istifadənin sirrlərini öyrənir.

Bəsirət Əlizadə

Hazrladıqları məhsullar laboratoriyada  yoxlanıldan sonra  xəstəliklərin müalicəsində istifadə olunur: “Arı məhsullarından ağciyər, mədə-bağırsaq  xəstəliklərində, qripin sağalmasında çox geniş istifadə olunur. Eləcə də, apiterapiya beynin qidalanmasından başlamış,  xərçəng, sonsuzluq və s. xəstəliklərin müalicəsində gözəl effekt verir. Biz Biləsuvarın Amakənd kəndində olan seximizdə hazırlanan məhsullarımızı müştərilərə çatdırırıq”. 

Gəncə şəhərindən olan Abbasova  Leyli xanım da arıçılığı uşaqlıqdan öyrənən məsləkdaşlarındandır.  Ailədə 10 uşaq olublar. Valideynləri arıçı olduğu üçün onlar da elə uşaqlıqdan bu peşənin sirrlərini öyrəniblər. Arılarını ölkəmizin ən gözəl bölgələrində gəzdirdiklərini bildirən müsahibimiz “arılar gəzməsə, yaxşı bal vermir”,- deyə vurğulayır.  

Arıçı Leyli Abbasova

Arıçılığı çox sevən Leyli xanım arıların bəzi sirrlərini də açır: “Bu işi sevdiyim üçün mənim üçün çox gözəl və asan peşədir. Arılar çox zəhmətkeş və halal canlılardır. Onlar evə boş qayıdanda biz bunu hiss edə bilir və dərhal yerlərini dəyişdiririk. Axşam 23:00-dan sonra arıxanaya gedəndə bal gətirən arıların vızıltısından və məhsulun ətrindən bal gətirib-gətirmədiklərini bilmək olur. Arıların  qışda yatmağı biz arıçılar üçün daha əlverişlidir. Çünki oyaq arı soyuq ahavada bayıra çıxanda çox vaxt ölür. Geri qayıdanlar isə ac gəlir və ehtiyat azuqəsini yeyir”. 

Son illər bal arılarının zəhərli dərmanlardan zəhərlənərək ölməsi hallarına gəlincə isə, Leyli xanım deyir ki, arıları pambıq və bu kimi texniki bitkilərin əkildiyi zonalardan kənar saxlamaq vacibdir: “Əvvəllər də belə idi. Pambığa vurulan dərmanlar arını dərhal zəhərləyir. Üzüm və s. meyvələrə vurulan dərmanlar elə də öldürücü deyil. 

Arılar gənədən çox əziyyət çəkir. Biz onların bu dərdinə çarə tapmışıq. Özümüz icad etdiyimiz dərmanlardan istifadə etməklə  problemin öhdəsindən gələ bilirik”.

Onu da qeyd edək ki, ölkənin 43 rayonundan bu sahə üzrə seçilmiş 250 arıçının ümumillikdə 90 tondan çox olmaqla 30-dan artıq çeşiddə bal və digər arıçılıq məhsulları təklif etdikləri yarmarkada alıcılar da razılıq edirdi. Xüsusilə, balın qiyməti və müxtəlif bölgələrdən gələn məhsullardan seçim edə bilmək fürsəti bal alanların sayını artırmışdı. Yaşının 70-dən yuxarı olduğunu deyən Əli dayı bildirdi ki, illərdir qız aylarında boğaz ağrısı, qrip kimi virus xəstəliklərinə qarşı təbii baldan istifadə etməklə özünün qoruya bilir. Alıcılar yarmarkada balın yoxlanışdan keçməsini əsas gətirərək məhsullara güvəndiklərini də dilə gətirdilər.

Belə ki,  Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarmarkada satışa çıxarılan balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edib. İnstitutun diastaz analizindən 1 tona yaxın bal keçmədiyi üçün yarmarkada iştirakına icazə verilməyib.

Elxeber.com