Son iki yüz ildə yaşadığımız regionda, doğma Vətənimizdə aparılan siyasətin xalqımızın başına gətirdiyi fəlakətləri saymaqla bitməz. Belə ki, ermənilər və onların himayədarlarının törətdiyi vəhşiliklər nəticəsində həmvətənlərimiz yurd-yuvalarından didərgin salınıb, dəhşətli əzab-əziyyətə məruz qalıb. 

Elxeber.com fərqli ölkələrdə yaşayan soydaşlarımızın doğma yurdla bağlı xatirələrini, Vətən həsrətlərini bölüşür. Bu gün də belə ailələrdən birini daha yaxından tanıyacağıq. 

Həmsöhbətimiz  hazırda Türkiyəninin Manisa şəhərində yaşayan, mülki müdafiə mütəxəssisi kimi fəliyyət göstərmiş Bahadır Xoşgüldür (Hoşgül). O, ailəsinin hansı çətinliklərdən keçdiyini, necə həsrətlə yaşadıqlarını yaxşı xatırlayır... 

Bahadır bəyin ulu babaları Azərbaycanın İrəvan quberniyasına məxsus Ağcaqala (Mələkli) yaşayış bölgəsində yaşayıb. Atası da orada doğulub. Amma qədim Azərbaycan torpaqlarının yerli əhalidən təmizlənməsi siyasətinin acı nəticələri bu ailədən də yan keçmir.  Belə ki, Bahadır bəyin atasının ailəsi 1913-cü ildə rus-erməni zülmü nəticəsində doğma yurd-yuvasından Türkiyəyə köç etmək məcburiyyətində qalır: “Erməni vəhşiliyinə, zülmünə məruz qalan ailəmiz yurdunu-yuvasını, atalarının məzarını, evlərini, ümumiyyətlə bütün varidatını  geridə qoyaraq  köçməyə məcbur qalıb. Həmin köç vaxtı atam 9-10 yaşlarında olub. Qış mövsümü olduğundan hava soyuq, hər tərəf dizdən qar-buz olub. Öküz arabaları qoşulub, uşaqlar buzun üzəri ilə hərəkət edən arabalara yığılıb. Atamgil köçəndə ailələrindən 64 nəfər  ölmüş yaxınlarının nəşini geridə qoymaq məcburiyyətində qalıblar. Çünki ağıla sığmayan çətinliklərlə gizlincə köç ediblər”.

Köç və yerləşmənin əziyyəti  

Ailənin köç vaxtı çəkdiyi əzab-əziyyətə sonradan yerləşməklə bağlı çətinliklər də əlavə olunur. Harada qalacaqlarını, nə işlə məşğul olacaqlarını bilmədən günlərlə, həftələrlə yol gedirlər. Türkiyə ərazisi olan Qarsdan keçərək, Ərzurum üzərindən Ərzincan bölgəsinə gedirlər.

Hələ bütün ümidlərini itirməyən ailə üzvləri təkrar geri gedəcəkləri düşüncəsiylə bir müddət Ərzincanda məskunlaşır. Bahadır bəyin sözlərinə görə, zaman keçdikcə geri qayıtmağın mümkün olmadığını görən ailə böyükləri yaşamaq üçün doğma torpaqlarına daha yaxın olan bir yer seçmək qərarına gəlir: “Babamgil həsrətində olduqları İrəvana daha yaxın olan Qarsa,  Arpaçay rayonunun bu günki Esenyayla (əvvəlki adı Uzunkilsə) kəndinə gəlir. O kənddə yerləşib yaşamağa başlayırlar. Ərzincandan qayıdarkən yollarda özləri xəstələnir, üstəlik heyvanları da tələf olur.

Onlara ümid verən tək düşüncələri geridə qoyub gəldikləri doğma yurdlarına bir gün təkrar dönmək arzusu olur: "Kəndimiz Dihniz (indiki adı “Qalxan Qala”) “Şərq qapısı” sərhəd qapısından sonra Ermənistana ən yaxın kənd idi. Gecə Ermənistanın “Ahuryan” sərhəd qapısının və kəndlərinin işıqları görünürdü. Atam siqaret kağızına tütünü bükərkən gözləri ürəyini Ermənistana-doğma torpaqlara aparırdı. SSRİ dönəmində Qars çayının sərhəddinə yaxın tarlalara gedər, erməni tərəfdəki tarlalarda işləyən insanlar arasında tanıdıqlarını görmək ümidi ilə səssizcə sərhəddən o yana həsrətlə baxardı”.

Soydaşımız deyir ki, valideynlərinin öz vətənlərinə, Ermənistandakı torpaqlarına getmək imkanları olmasa da, Azərbaycana gəlməyi çox arzulayıblar, amma ömürləri çatmır: “Babamın Azərbaycana gəlməyə ömrü çatmadı. Atamı, anamı Ağcaqala-Mələklinin həsrətindən daha çox, Qarabağın işğalı, Xocalıda, digər torpaqlarda baş verən vəhşiliklər yandırırdı. Onlar həmişə Azərbaycana gedəcəkləri ümidi ilə yaşayırdılar,  o həsrətlə rəhmətə getdilər”.

Babasının, valideynlərinin çətinliklər içində yaşadıqları həyatları boyunca oxuduqları bayatıların, mahnı və laylaların indi də qulaqlarında təkrarlandığını deyən həmsöhbətimizin ailə üzvlərindən bəziləri öz övladları, nəvələri ilə hələ də Esenyayla kəndində yaşayır. Digərləri isə Qars, Ankara, İstanbul və Manisa kimi şəhərlərdə həyatlarını davam etdirir.

Yanan qəlbimizə su səpən qələbə

“44 günülük Vətən Müharibəsində qazanılan qələbə dumanlı xatirələrdə itən Vətən torpaqlarımızın həsrətinə, yanan qəlbizmizə su səpdi. Sanki keçmişdəki acılarımızı sildi. Çox xoşbəxt olduq, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə minnətdarıq”,-deyir Bahadır Xoşgül.

Vurğulayır ki, Azərbaycanla Türkiyənin hər zaman iki qardaş kimi mehriban yaşamasını, digər dövlətlərə qarşı birgə “İki Dövlət, Bir Millət” olmasının qürurunu yaşamağı arzulayıblar: “Bunun reallaşması bizim və gənclərimizin zəifləyən ümidlərini artırdı. Mənimlə apardığınız bu müsahibə indiyə kimi yaratdığımız assosiasiyalarda, dərnəklərdə Azərbaycan üçün apardığımız mübarizəmizin hədər getmədiyini göstərir.

Bizlər xaricdə yaşayanlar olaraq,  Azərbaycanın inkişafının memarı Heydər Əliyevin irəli sürdüyü fikirlərinə görə ümidli idik və bu ümidimiz gerçək oldu, özünü doğrultdu”. 

Əziz Azərbaycanımıza həsrət dolu salamlar göndərən soydaşımız deyir ki, artıq  əcdadlarımızın həsrətində olduğu torpaqların bir qismini görmək imkanı yaranıb ki, bu da onları sevindirir.