Noyabrın 8-də Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub.

Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq.

Qeyd olunan küçə və prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü səbəbindən yollar bağlı olacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan qeyd olunan istiqamətlər üzrə Ordumuzun orkestrlə nümunəvi hərəkətinə dəstək olmaq üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamağı xahiş edir.