1905-ci il fevralın 6-da Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.

1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub erməni dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.

Ermənilər fevralın 20-22-də İrəvan şəhərində də qırğınlar törətmişdilər. M.S.Ordubadi “Qanlı illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışmışdı. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə desək, “İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar”dan ibarət idi.

Qeyd edək ki, Azərbaycan xalqına qarşı bu qırğınlar ölkənin müxtəlif bölgələrində ilboyu davam etdirilib. 

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər. Lakin toqquşmaların səngiməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar.