Hazırda cəmiyyətimizdə qəribə tendensiya yaranıb. Avropda və yaxud başqa bir ölkədə hansısa məsələnin müzakirə olunduğunu eşidən kimi, bizdə də mövzunu gündəmə gətirir, hətta tətbiqindən danışırlar. Problem ondadır ki, çox vaxt həmin yenilikləri yarımçıq şəkildə tədbiq də edirlər. Buna kifayət qədər misal çəkmək olar.

Bu sözləri Elxeber.com-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu 4 günlük iş rejimi ilə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 4 günlük iş rejimini müzakirə edən ölkəyə baxılmalı,  mövcud reallığa nəzər salınmalıdır: “Söhbət xüsusiyyətləri fərqli cəmiyyətdən gedir. Bizim cəmiyyətimizdə, xüsusilə indiki dövrdə çoxlu yarımçıq işlər var. İş yerləri azdır. Sosial problemlərin həlli üçün iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar  4 gün işləsə, qalan boş günləri o nə cür məzmunlu keçirəcək? Asudə vaxtın təşkili ilə bağlı insanlarımız arasında təsəvvür çox azdır. Bunlar asan deyil. 4 günlük iş rejiminin tətbiqi ciddi, kompleks tədbirlərin görülməsini tələb edir. Geniş və kompleks fəaliyyətə ehtiyac var. Xaricdə 4 günlük iş rejiminə birdən-birə keçilmir”. 

Sosioloq bildirib ki, biz indi milli müstəqil dövlət qurmağa, ordumuzu, iqtisadiyyatımızı möhkəmləndirməyə çalışırıq.  

Ə.Qəşəmoğlu vurğulayıb ki, öncə 4 günlük iş rejimi üçün şərait yaradılmalıdır: “Biz avropalılar kimi normal iş şəraiti, əməkhaqqı reallığı yarada bilmişikmi? Əhali arasında sorğu keçirilsə 4 günlük iş rejimi haqqında aydın təsəvvürün olmadığını görərik. Ona görə bu məsələlərə tələsik reaksiya vermək, olar-olmazını dərhal qiymətləndirmək mümkün deyil”. 

Qeyd edək ki, hələ ötən ildən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələrə başlanıb. 

2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)  2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqlayıb.

Belə ki, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edilib.

Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan “Panasonic” də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqlayıb.

Niderlandda da bəzi müəssisələr 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr aparılır.

Rusiya bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Ölkənin Əmək Nazirliyi  4 günlük iş rejimini eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.

Onu da bildirək ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil.

Sonda onu da deyək ki, mütəxəssislərin hesablamalarına görə, insan 8 saatlıq iş qrafikində iş vaxtının təxminən dörddə üçündə diqqətini işinə tam verə bilir. Təbii ki, bu, hansı işin görülməsindən asılı olaraq dəyişə bilər. Çox diqqət tələb etməyən gündəlik işlərdə diqqətə ehtiyac çox olmasa da, monotonluğun gətirdiyi yorğunluq yaranır.