Müharibə başlayandan bəri 5 milyondan çox ukraynalı öz evini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Filippo Qrandi “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“Ukraynada 5 milyondan çox insan, əhalinin 10-15 faizi evlərini itirib, onların da yarısı artıq ölkəni tərk edib. Vəziyyət bu templə inkişaf etsə, daha 3 milyon insan yaxın günlərdə evlərini tərk etmək məcburiyyətində qalacaq”, - deyə o bildirib.

Yaranmış vəziyyəti II Dünya müharibəsindən sonra qeydə alınan ən ciddi miqrasiya böhranı adlandıran Filippo Qrandi müharibə səbəbindən 40 milyonluq Ukrayna əhalisinin üçdə birinin çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb. Ali komissarın sözlərinə görə, Kiyevin Ukrayna icmasının Avropa ilə sıx əlaqələri olduğuna görə hələlik qaçqın axınının öhdəsindən gəlmək mümkün olur.

Bir müddət öncə Ümumdünya Ərzaq Proqramı Ukraynada 3-5 milyon insanın ərzaq yardımına ehtiyac duyduğunu elan etmişdi.