Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə təkcə bu iki ölkəyə deyil, sərhəddən kənarda olan bir sıra ölkələrə, xüsusilə iqtisadi təsirini göstərib. Aparılan araşdırmalar bu təsirlərin zamanla artacağını ortaya qoyur.
Elxeber.com-un məlumatına görə, iqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək: "Qərb ölkələri Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Rusiya da bəzi ərzaq, o cümlədən taxil və şəkərin ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək".
Rusiya-Ukrayna müharibəsinin artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olduğunu deyən V.Bayramov, Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığının müşahidə olunduğunu vurğulayıb: "2021-ci ildə olduğu kimi bu ildə dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır.
Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal infilyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarında qiymət artımları ilə yanaşı, bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək".