Şərqi Afrika dövləti Uqandada Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş su quyusunun açılışı olub.

Elxeber.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Türkiyənin Afrika Dostları Dərnəyi (TADD) tərəfindən həyata keçirilib.

Quyu ölkənin Cinja şəhəri yaxınlığındakı Navatumbi kəndində fəaliyyət göstərəcək.

Təmiz içməli su mənbəyinin açılış mərasimində TADD könüllüləri və yerli sakinlər iştirak ediblər.

Afrika Dostları Dərnəyi kənddəki imkansız ailələrə qurbanlıq ət və süd verən keçilər paylayıb.

TADD-nin rəhbəri Bilgehan Güntekin Anadolu Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, dərnək Türkiyə ilə Afrika ölkələri arasında təhsil, səhiyyə və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək, humanitar yardım göstərmək məqsədi ilə təxminən 10 il əvvəl yaradılıb.

Onun sözlərinə görə, təşkilatın səyləri ilə Afrikada bu günə qədər 600-ə yaxın su quyusu açılıb ki, onların da 300-dən çoxu Uqandadır.