Qida allergiyası ən çox körpəlikdə və uşaqlıq çağında müşahidə olunur. Xüsusilə son illərdə müxtəlif səbəblərdən bu problemlə bağlı artım var. Mütəxəssislər ailələrin bu məsələdə diqqətli olmasının vacib olduğunu deyir.

Qidalar, yazda uçan polen və ya istifadə edilən təmizləyici maddələr... Allergiyaya səbəb olan bir çox faktor var.  İnsan həyatının hər dövründə görülə bilən allergiyalar arasında, şübhəsiz ki, qida allergiyası əhəmiyyətli bir yer tutur. Xüsusilə körpə və uşaqlarda qida allergiyası müşahidə edilirsə, daha da diqqətli olmaq lazımdır.

Türkiyənin Hacettepe Universiteti Uşaq Allergiya və Astma Bölümü müəllimi Prof. Dr. Bülent Şekerel mövzu ilə bağlı "TRTHABER"ə danışıb.

Son zamanlarda qida allergiyasında artım olduğunu deyən professor bildirib ki, qərb tipli həyat tərzi, qeysəriyyə doğuşları, təbii həyatdan qopmaq, siqaret, antibiotiklərin həddindən artıq istifadəsi və həddindən artıq gigiyenik həyat tərzi kimi müxtəlif amillər artıma təsir edir: "Amma biz bilirik ki, saydığım amillərin heç biri təkbaşına alleriyanın yaranmasına səbəb olmur. Bu səbəblərdən qaynaqlanan birgə fəaliyyət mexanizmi bu artımdan məsul ola bilər."

Həkim bildirib ki, qida allergiyası daha çox körpələrdə baş verir. Yaş artıqca qida allergiyalarının bir qismi ortadan qalxır.

Xüsusilə 4 qidaya diqqət çəkən Şekerel,  süd, yumurta, çərəz və küncüt kimi qidaların daha çox problem yaratdığını deyib: "Saydığım 4 qidadan başqa bütün növ qidalar allergiyaya səbəb ola bilər. Məsələn, ekzotik meyvələr, balqabaq tumu, balıq və qabıqlı dəniz məhsulları və s.

Bir qida yeyildikdə qızartı, qaşınma, şişlik və ekzema kimi əlamətlər yarana bilər. Əlavə olaraq ürəkbulanma, qusma və ishal ola bilər. Öskürək, xırıltı və nəfəs darlığına səbəb ola bilər. Hətta qan təzyiqinin düşməsi, huşunu itirmə kimi əlamətlər ola bilər. Bütün bunlar birlikdə baş verdikdə, anafilaktik şok dediyimiz həyati təhlükəsi olan bir reaksiya baş verə bilər. Bununla belə, yalnız dəri simptomlarına səbəb olan allergiyalar da olur”.

Qida allergiyasının pik dövrünün körpəlik olduğunu vurğulayan həkim bildirib ki, bunların əksəriyyəti 3 yaşa qədər azalır. "Xüsusilə süd və yumurtada bu azalmanın yüzdə 60-a qədər davam etdiyini bildirən Şekerel, daha irəli yaşlarda başlayan allergiyalar olduğunu da vurğulayıb: "Məsələn, meyvə və dəniz məhsullarına qarşı allergiya daha yuxarı yaşlarda başlayır. Ona görə də qida allergiyası olan uşağı gələcəkdə başqa bir allergiyanın yaranıb-yaranmadığını müəyyən etmək üçün yaxından təqib edirik”.

Professor onu da vurğulayıb ki, qida allergiyası görülən uşaqları dərhal həkimə aparmaq lazımdır: "Bəzən valideynlər düşünür ki, allergiya yaradan qidanı verməsəm və ya azaltsam, problem həll olar. Amma prosesin necə baş verdiyini, inkişaf dövründə olan körpələrdə hansı qidanı kəsib-kəsməməyin ən doğru varinatını həkimlər müəyyən etməlidir. Qida allergiyası olan uşaqlar 3 və ya 6 aylıq fasilələrlə həkimlər tərəfindən izlənilir. Beləliklə, sözügedən allergiyanın keçib-keçmədiyi və gələcəkdə hansı addımların atılacağına qərar verilir".