Ağrıkəsici dərmanların əksəriyyəti böyrəklərə mənfi təsir edir. Bu cür dərmanların həddindən artıq istifadəsi böyrək strukturunu pozur. Əgər insan həyatı boyu bir kiloqram ağrıkəsici qəbul edərsə, şübhəsiz ki, onun böyrəkləri müəyyən dərəcədə pozulacaq.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu açıqlamanı Trakya Universiteti Sağlamlıq Elmləri Fakültəsi Dekanı Prof. Dr. Sedat Üstündağ verib.

O bildirib ki, bir insan yaşadığı müddətdə 2-3 kiloqram ağrıkəsici qəbul edərsə, onlarda böyrək xəstəliyinin son mərhələsi özünü göstərə bilər: "Bu cür xəstələr sağ qalmaq üçün transplantasiya və ya dializ müalicəsindən keçməyə məcbur qalar. Nəzərə alsaq ki, bir ağrıkəsici təxminən  yarım qramdır, o zaman gündə bir ədəd istifadəsi ildə təxminən 200 qram edir. Bu qaydada istifadəyə davam etmək, 5 ildən sonra böyrəyi mütləq zədələmiş olacaq. Ölkəmizdə qonşuların məsləhəti və dostların tövsiyəsi ilə ağrıkəsicilərin istifadəsi böyrək xəstəliklərinin mühüm səbəbidir. Məsələn, xəstədə hipertoniya səbəbindən boyundan başlayan və çiyinlərə yayılan ağrılar olur. Bu xəstəliyin müalicəsi əvəzinə ağrıkəsicilərdən istifadə edilərsə, böyrəklər zədələnir. Sümük ağrısı olan insan bu xəstəliyi müalicə etmək əvəzinə ağrıkəsicilərdən istifadə edirsə, mövcud xəstəliyə yeni xəstəlik əlavə etmiş olur”.

Üstündağ böyrək xəstəliyinin ölümə səbəb olmasında bir çox xərçəng növündən daha ağır nəticələr doğurduğunu, böyrək çatışmazlığının bir çox səbəbi olduğunu da bildirib.

Həyat keyfiyyətini pozan piylənmənin böyrək xəstəliklərinin inkişafında əhəmiyyətli faktor olduğuna diqqət çəkən Üstündağ, "Artıq çəki təkbaşına da böyrəyi pozan faktordur. Oturaq həyat tərzinin artması, işlənmiş hazır qidalarla qidalanmanın artması piylənməyə səbəb olur." 

Professor vurğulayıb ki, böyrək nefronlarının inkişafı ana bətnində tamamlanır, doğuşdan sonra böyrəklərdə yeni nefron yetişmir. Onun sözlərinə görə, ana və uşağın həyatı üçün təhlükə olmadığı halda, vaxtından əvvəl aparılan qeysəriyyə əməliyyatı körpələrdə böyrəklərin inkişafına mənfi təsir edir ki, bu da gələcəkdə böyrək çatışmazlığına səbəb ola bilir.