Ali təhsil müəssisələrinə builki qəbul proqramlarında müəyyən dəyişikliklər edilib. Belə ki, qəbul proqramına yeni tapşırıqlar salınacaq.
Elxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva açıqlama verib: "Yeni iqtisadi zonalarla bağlı coğrafiya fənni üzrə qəbul proqramına hələ dərsliklərə salınmayan tapşırıqlar salınacaq. Ona görə də bununla bağlı materiallar hazırlanıb və DİM-in saytında yerləşdirilib. Eyni zamanda tarix fənnində də material yenilənib və o da saytda yerləşdirilib. Vətən müharibəsində qazanılan qələbə ilə bağlı tarix fənnində dəyişiklik edilib. Builki 11-ci sinif şagirdləri bu dəyişiklikləri məktəbdə keçmədiklərindən DİM bununla bağlı müəyyən işlər görüb. Daha bir dəyişiklik ədəbiyyat dərsliyi ilə bağlıdır. Bəzi yeni əsərlər proqrama əlavə olunub. Əsərlərin bir neçə hissəsi artıq saytda yerləşdirilib. Bu yeni deyil, proqrama daxil edilən əsərlərdir”.
Şöbə müdiri əlavə edib ki, yeniliklərin yer aldığı tapşırıqlarla bağlı məlumatlar “Abituriyent” jurnalının 1-ci sayında nəşr ediləcək”.